Bayramov iranlı həmkarını erməni birləşmələrinin tərk-silah olması barədə məlumatlandırdı
Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Demedia.az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq çərçivəsində artan dinamika məmnunluqla qeyd olunub, son dövrlərdə bir sıra digər sahələr üzrə reallaşdırılan yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların əhəmiyyəti vurğulanıb.
C.Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırıb, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən danışıb. Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərksilahı tədbirləri barədə iranlı həmkara məlumat verilib.
Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin reinteqrasiyasının bu gün tarixi bir mərhələdə olduğunu, bu istiqamətdə ümidverici imkanların yarandığını, 21 sentyabr Yevlax görüşünün müsbət və konstruktiv mühitdə keçdiyini, görüşdən irəli gələn məsələlərlə bağlı hazırda Azərbaycan tərəfindən aidiyyəti yardımların göstərildiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin regional və beynəlxalq müstəvidə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.