Əli Əsədov qərar imzaladı
Nazirlər Kabineti 2025-ci ildə kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun həyata keçirilməsi haqqında haqqında qərar qəbul edib.
Demedia.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, siyahıyaalınma 2025-ci il iyulun 15-dən avqustun 15-nə qədər, kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə baş tutacaq. Kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıya alınması keçiriləcək.
Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar İstiqamətləndirici Komitə yaradılıb. Komitəyə Baş nazirinin müavini Əli Əhmədov sədrlik edəcək. Onun müavini Dövlət Statistika Komitəsinin sədridir. Komitənin üzvləri isə kənd təsərrüfatı nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini, Qida Təhlükəsizliyi Agentliyinın sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru və Ağsu Rayon İcra Hakimiyyətinin başçısıdır.