Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq planı imzalandı
Oktyabrın 6-da Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Demedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub. Hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.
Geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Qazaxıstanın müdafiə naziri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə həmkarını təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib.
General-polkovnik R.Jaksılıkov ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.
Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təliminin əhəmiyyəti vurğulanıb. Keçirilən birgə taktiki təlimin hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacibliyi qeyd olunub.
Hər iki ölkənin Ordu quruculuğunda qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.
Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağını, Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrini ziyarət edərək burada ümumilikdə görülən işlərlə tanış olub.