Rusiyanın hərbi gəmisi Bakıda olub, sərhədlərin təhlükəsizliyi müzakirə edilib
Rusiyanın hərbi gəmisi Bakıda olub, sərhəd təhlükəsizliyinin təmini müzakirə edilib.
Bu barədə Demedia.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildiriilib ki, Dövlət Sərhəd Xidməti ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2023-2024-cü illər üçün Tədbirlər Planı üzrə fəaliyyətlər uğurla davam etdirilir. Tədbirlər çərçivəsində oktyabrın 4-6-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti rəhbərinin müavini - Sahil Mühafizəsi Departamentinin rəisi vitse-admiral R.Tolokun rəhbərliyi ilə “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına dostluq səfəri edib.
Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanla Rusiya sərhəd mühafizə qurumları arasında aidiyyəti istiqamətlər, o cümlədən Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın uğurla inkişaf etməsi qeyd olunub, qarşılıqlı əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Oktyabrın 6-da Rusiyanın “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi və katerlərinin iştirakı ilə Xəzər dənizində qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması, eləcə də məlumat mübadiləsinin aparılması qaydalarının dəqiqləşdirilməsi həyata keçirilib.
Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib, tərəflərin sərhəd gözətçi gəmiləri qarşılıqlı qaydada ziyarət edilib.
Qonaqlar mədəni tədbirlər çərçivəsində Heydər Əliyev Mərkəzində olub, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanış ediliblər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.