Paşinyan Makronun yanında Putinə sataşdı - VİDEO
Nikol Paşinyan Parisdən açıq şəkildə sərhəddəki gərginlik zamanı bəzilərinin, yəni Rusiyanın ikibaşlı bəyanatlar verdiyini, Fransanın isə Moskvanın əksinə, birbaşa Ermənistanı dəstəklədiyini dedi. O, bu sözləri ilə həm də Kremldən açıqca narazı olduğunu, Qərbin dəstəyini arzuladığını bildirmiş oldu.
Nexeber.az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev deyib.
Politoloqun sözlərinə görə, Nikol Paşinyan Parisdən bu mesajları verib:
“Birincisi, Nikol Paşinyan Fransada çıxışı zamanı Rusiyanı ikibaşlı bəyanatlar verməkdə günahlandırdı. Paşinyandan bundan artıq nə isə gözləmirdik. Yəni bəlli idi ki, o, fürsət düşən kimi Rusiyanı vuracaq. Məsələ ondadır ki, Paşinyan müharibədə Ermənistanın üzləşdiyi biabırçı məğlubiyyətin günahını Kremlin boynuna atmaq istəyir.
İkincisi, Paşinyan Fransa parlamentindən tezliklə keçmiş və qondarma “dqr”in “müstəqilliyi”ni tanımasını istədi. Düzdür, rəsmi Paris indiki halda belə bir addımı çətin ki, atsın. Lakin atsa belə, bu, heç nəyi dəyişmir. Əksinə, Fransa belə bir qərarla həm beynəlxalq hüququ pozmuş olacaq, həm də rəsmi Bakı və regional oyunçuların əksinə getmiş olacaq. Bu isə Fransanın regiona gəlməmiş burdan getməsi deməkdir. Paşinyana gəldikdə isə deyə bilərəm ki, onun belə bir tələblə çıxış etməsi heç də sülh istəmədiyini sübut edir. Yəni bu, rəsmi Bakının hərbi əməliyyatlara yenidən başlamasına şərait yaradır.
Üçüncüsü, Paşinyan erməni cəmiyyətinin Fransaya hamıdan çox simpatiya bəslədiyini deyərək faktiki olaraq Qərbin dəstəyini arzuladığını dilə gətirmiş oldu. Mahiyyət etibarilə Paşinyan bununla əvvəldən istədiyi şeyi, yəni Ermənistanın qərbyönlü siyasətini icra etməyə sadiq olduğunu göstərdi”.