"Bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur" - Dövlət başçısı



 13:57 17.10.2023     311

Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq. Biz hər zaman onlara (şəhidlərimizə - red.) borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır.

Demedia.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

“Onların (şəhidlərin – red.) qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur”, - deyən dövlətimizin başçısı xatırladıb ki, düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir.