40 erməni əsgərin Azərbaycan ərazisinə soxulması... - Şərh



 17:30 03.06.2021     562

İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələrinin 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr irəli keçməyə cəhd etməsi qəbuledilməzdir. Son zamanlar bu kimi hadisələr artıq tez-tez baş verir. Ermənistan-Azərbaycan sərhədindəki son hadisələr sanki Tovuz hadisələrini xatırladır. Buna görə də ermənilərin istənilən təxribatına qarşı Dəmir Yumruq hər zaman aktual olmalıdır.

Bu sözləri Nəxəbər.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib. O bildirib ki, erməni təxribatlarının qarşısı vaxtında alınmasa, tezliklə əvvəlki kimi atəşkəsin pozulması xəbərlərini eşidəcəyik:

“Azərbaycan müharibə istəmədiyini artıq neçənci dəfədir rəsmi şəkildə bəyan edir. Sərhədlərin demarkasiya və delimitasiya işləri beynəlxalq hüquqa uyğun olaraq aparılır. Rəsmi İrəvan hər zaman olduğu kimi, prosesi ləngitməyə, mümkün olsa, birdəfəlik dayandırmağa çalışır. Son günlər Ermənistan-Azərbaycan sərhədində təxribatların artırması 44 günlük müharibədən öncə baş verən Tovuz hadisələrini xatırladır. Ermənilərin Tovuz istiqamətində ardıcıl təxribatları, daha sora mülki yaşayış məskənlərinə təşkil etdiyi hücumlar Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına başlamasına gətirib çıxartdı. Bu gün də proses bənzər şəkildə inkişaf edir. Yenə erməni təxribatı, yenə artan gərginlik, Qərbin boş, mənasız tələbləri və s. Rəsmi İrəvanın bu kimi təxribatlara əl atmasının əsas məqsədi regiona digər gücləri cəlb etməkdir. Bütün bunların baş verməməsi üçün təxribatların qarşısını alacaq effektiv vasitələrə ehtiyac var”.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan erməni təxribatlarının qarşısını almaq üçün bir sıra təzyiq vasitələrinə əl ata bilər:

“Birincisi, unutmamalıyıq ki, Ermənistan hələ 10 noyabr bəyanatının tələbələrini tam olaraq yerinə yetirməyib. Yəni rəsmi Bakı da üzərinə düşən öhdəlikləri etməyə bilər. Misal üçün, Laçın dəhlizini bağlaya bilər. Laçın dəhlizi bu gün bizim Ermənistana qarşı ən böyük təzyiq vasitəmizdir. Bunu hər zaman ermənilərə xatırlatmalıyıq.

İkincisi, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən təxribatlarla bağlı beynəlxalq təşkilatları hər zaman xəbərdar etməli, ehtimal gərginliyin məsuliyyətinin rəsmi İrəvan olduğunu bildirməliyik.

Üçüncüsü, erməni təxribatlarının qarşısını almaq üçün Ankara, Moskva və Bakı arasında sərhəd təhlükəsizliyinə dair razılıq əldə edilməlidir. Yəni sərhədlər müəyyənləşənə qədər hər iki tərəfdən müşahidəçi kimi Türkiyə və Rusiya nümayəndələri, hətta hərbçiləri əraziyə cəlb edilə bilər. Onsuz da bu gün Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Lakin bu, kifayət deyil. Düşünürəm, Ermənistan-Azərbaycan dövlət sərhədlərində türkiyəli hərbçilər də olmalıdır. Bu, həm erməniləri qorxudacaq, həm də rusların təhlükəsizlik məsələlərində daha məsuliyyəti olmağa vadar edəcək”.