Hikmət Hacıyev: “Jurnalistlərin mina partlayışında həlak olmasının məsuliyyətini Ermənistan daşıyır”



 14:05 05.06.2021     543

“Mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə mülki vətəndaşlarımızı hədəfə alan siyasət yeridir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, beynəlxalq səviyyədə qəbul olunmuş sənədlərdə jurnalistlərin hərbi əməliyyatlar zamanı fəaliyyəti mülki insanlara bərabər tutula biləcək hallardır:

“Yəni jurnalistin qətlə yetirilməsi və yaxud da öldürülməsi, onun mina qurbanı olması mülki insanlara qarşı həyata keçirilmiş cinayətlər səviyyəsində ehtiva olunan cinayət əməlidir. Bu cinayətin məsuliyyətini Ermənistan bilavasitə daşıyır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, mina xəritələri ilə bağlı məsələ bütün beynəlxalq tərəfdaşlar qarşısında qaldırılıb:

“Bütün beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırılır ki, mina xəritələri Ermənistan tərəfindən təhvil verilməlidir. Bu, eyni zamanda Ermənistanın özünün məsuliyyəti və öhdəliyidir. Biz burada sivil qaydalardan və sivil dünyadan tamamilə kənar olan, barbar siyasət yürüdən, mülki insanları hədəfə alan və məqsədyönlü şəkildə mülki insanların öldürülməsi siyasətinə tam sadiq olan bir dövlətdən danışırıq. Ermənistanın üzərində bu öhdəlik olduğu halda biz onların digər barbar əməllərini də görmüşük. Amma bunun müqabilində xəritələr təqdim olunana qədər Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikasının aidiyyəti strukturları tərəfindən intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatı aparılır. Bura piyadalar əleyhinə, tank əleyhinə minalar və digər ciddi təhlükə yaradan partlamamış mərmilər, silah və sursatlar daxildir.

Ermənistanın mina fəaliyyətinə qısaca baxdıqda görərik ki, bu minalar hər hansı hərbi zərurət olmayan məntəqələrdə basdırılıb. Deməli, burada da məqsəd mülki insanları öldürmək olub. Mülki insanlar, yaxud tikinti işləri aparan insanlar təsadüfi şəkildə bu minaların qurbanı olurlar. Təmas xətti boyunca minaların düzülməsi tutaq ki, hərbi zərurət tələb edə bilər, amma Sirac qardaşımızın, Məhərrəm qardaşımızın həlak olduğu kəndə baxsaq görərik ki, hadisə kəndin girəcəyindəki yolda baş verib. Bura hər hansı təmas xətti və təmas məntəqəsindən tamamilə kənardır. Deməli, məqsəd yalnız məqsədyönlü şəkildə mülki insanları öldürməkdir”.

H. Haıcyev nəzərə çatdırıb ki, Azərbaycan Respublikası tərəfindən mina məsələsi ilə bağlı artıq dövlət ittihamı səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında iş qaldırılıb:

“Ermənistanın minalanma siyasəti nəticəsində Azərbaycan vətəndaşlarının qurban olması və bu kimi hallarla bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında konkret məsələlər qaldırılıb”.