Bu ərazilər Sumqayıta verildi - Sərəncam
Prezident İlham Əliyev “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VIQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Demedia.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Bakı və Sumqayıt şəhərlərinin, Bakı şəhəri Binəqədi, Abşeron və Xızı rayonlarının icra hakimiyyətləri ilə birlikdə “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VIQ nömrəli Qanunu ilə yeni müəyyən edilmiş sərhədlərdə üç ay müddətində mərzçəkmə işlərinin yerinə yetirilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.