Kəlbəcərdəki terror hadisəsinə dünya ekspertləri münasibət bildirdi - VİDEO
Kəlbəcər rayonunda jurnalistlərimizin minaya düşərək şəhid olması ilə nəticələnən terror hadisəsinə dünya ölkələrinin ekspertləri də münasibət bildiriblər. Onlar Ermənistanı, törətdiyi terror hadisəsini qınayan bəyanatlar səsləndiriblər. Bildiriblər ki, dünya ictimaiyyəti tərəfindən ciddi addımlar atılmalı, Ermənistan etdiyi əmələ görə qınanmalı və təcili şəkildə minalanmış ərazilərin xəritələrini təqdim etməlidir.
Nexeber.az XƏZƏR TV-yə istinadən xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirərkən şəhid olan jurnalistlərimiz haqqında xarici ölkələrin ekspertləri də sosial şəbəkələrdə münasibət bildiriblər.
''Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına da təsir göstərir. Bunu Rusiyalı ekspert, tarix elmləri namizədi Natalya Yeryomina Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olmasını şərh edərkən deyib. O bildirib ki, mina sahələrinin xəritəsi olmadan ərazini stabilləşdirmək və regionda əlaqələrin bərpa olunması yönündə irəliləmək mümkün olmayacaq. Ekspert Ermənistanın mina xəritələrini verməməsini ciddi problem adlandırıb. "Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın sülhməramlı missiyasına da təsir edir. Rusiya tərəfi öz tapşırıqlarını yerinə yetirə bilmək üçün minalar barədə məlumatları almaqda maraqlıdır".-deyə ekspert əlavə edib.
İkinci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə Fransa rəhbərliyinin mövqeyi hər kəsə bəllidir. Lakin fransız deputat heç də ölkə rəhbərliyi kimi düşünmür. Fransanın deputatı Xanım Frederik Düma özünün Tvitter heabında etdiyi paylaşımında bildirib ki, Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etməlidir. O şəxsi səhifəsində bildirib ki, "İkisi jurnalist olmaqla 3 mülki şəxs Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olub. İstər Ermənistanda, istərsə də Azərbaycanda mülki şəxslər münaqişə girovu olmamalıdır. Hər iki tərəf beynəlxalq hüquqa əməl etməlidir.Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaların basdırıldığı ərazilərdə yerləşmə xəritəsini verməsini tələb etməlidir"
Birtərəfli mövqe sərgiləyən Bayden administrasiyasından fərqli olaraq ABŞ-ın "South Five Strategies" yəhudi təşkilatının prezidenti Ceyson Epşteyb də digər ekspertlərlə eyni fikirdədir. Onun sözlərinə görə, dünya ictimaiyyəti bu təhlükənin aradan qaldırılması üçün çox az iş görüb, nəticədə 120-yə yaxın Azərbaycan vətəndaşı həyatını itirib. Ceyson Epşteyb bildirib ki, Bayden administrasiyası Ermənistanın mina xəritələrini təhvil verməsi ilə bağlı məsuliyyət daşıdığını bəyan etməlidir ki, günahsız insanların ölümünün qarşısı alınsın.
İkinci Qarabağ müharibəsində daima yanımızda olan Pakistan jurnalistlərimizə qarşı törədilən terror hadisəsində də dəstəyini əsirgəməyib. Pakistanlı ekspert Xalid Taymur Əkrəm terror hadisəsilə bağlı münasibət bildirib. Onun sözlərinə görə Ermənistan dövlət səviyyəsində terrorçuluq və təxribatla məşğul olmağı dayandırmır. Dünya ictimaiyyəti dərhal bu faciəyə reaksiya göstərməlidir. Ekspert bildirib ki,bütün dünya ermənilərin və onların vəhşiliklərinin əsl üzünü gördü. Ona görə də dünya nəhayət, susqunluğunu pozmalı, Ermənistan barəsində ciddi tədbirlər görməli, ölkə rəhbərliyinə təzyiqlər göstərməlidir ki, minalanmış ərazilərin xəritəsini versin. Bunu humanitar baxımdan etmək lazımdır. Bu aspektdə Azərbaycanla qonşu ölkələrin, müttəfiqlərin səy göstərməsi vacibdir.-deyə ekspert əlavə edib. Onun fikrincə, əsas problem ondan ibarətdir ki, Ermənistanın əməlləri əvvəlki kimi regionda təhlükəsizliyə təhdid törədir və bu ölkə öz beynəlxalq öhdəliklərini yerinə yetirmir.
Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Taras Kuzio da terror hadisəsilə bağlı açıqlama verib. O bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.
Xatırladaq ki, iyunun 4-də Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü Azərtac İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.