Ermənistanın minalarla bağlı bu etirafı... - Ombudsman
Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunda ikisi media əməkaşı olmaqla, üç nəfər mülki şəxsin həlak olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı etiraf edilib. Onun bu etirafları bir daha Ermənistanın siyasi və hərbi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir.
Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın bəyanatında yer alıb.
"Sosial mediada yayılan bu etiraf Azərbaycan cəmiyyətində həddindən artıq narahatlıq yaradıb. Bu törədilən cinayətin birbaşa etirafı olmaqla beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır və günahkarlar dərhal ədalət mühakiməsinə cəlb olunmalıdır.
Azərbaycan Ombudsmanı olaraq bu məsələni dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, onları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş minaların xəritələrinin əldə edilməsində köməklik göstərməyə və bununla da günahsız insanların həyatını xilas etməyə çağırmışam.
Təəssüf ki, bu günə qədər qeyd olunan məsələ ilə bağlı hər hansı bir beynəlxalq təşkilatdan müvafiq dəstək almamışıq. Bu təşkilatların susması beynəlxalq hüququn effektivliyini şübhə altına alır və insan hüquqlarının davamlı olaraq pozulmasına şərait yaradır".
Bəyanatda qeyd edilir ki, bu minalar həmin əraziləri ziyarət etmək istəyən hər bir şəxs üçün böyük təhlükə mənbəyidir: "Azərbaycanda ötən yeddi ay ərzində 140-dan çox insan minaya düşmüş, 27 mülki şəxs mina partlaması nəticəsində həlak olmuşdur. Bu cinayətə görə Ermənistanın siyasi və hərbi rəhbərliyi məsuliyyət daşıyır.
İnsan hüquqları yalnız yüksək tribunalarda çıxış mövzusu olaraq qalmamalıdır. Dünyada insan hüquqlarının təminatçısı olduğunu iddia edən beynəlxalq təşkilatlar növbəti itkilərin qarşısını almaq məqsədilə mina xəritələrini açıqlaması üçün Ermənistana qarşı konkret tədbirlər görməlidir".