Paşinyan-Köçəryan savaşı qızışır: Kim qalib gələcək?



 15:30 08.06.2021     345

Dünəndən etibarən Ermənistanda seçkiqabağı təşviqat başlayıb. “Qallap”ın (Gallup) seçkiqabağı son sorğusunun nəticələrinə görə, Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım Partiyası respondentlərin 22,9 faiz səsini toplayıb. Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi isə 20,6 faizə yüksəlib. Maraqlıdır, azərbaycanlı politoloqlar Ermənistanda seçkilərin nəticəsini necə görür?

Məsələ ilə bağlı Nexeber.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, 44 günlük müharibə Nikol Paşinyanın reytinqinə ciddi ölçüdə təsir edib:

“Müharibədən öncə Paşinyanın reytinqi 80 faizə qədər yüksək idi. Xüsusilə inqilabla hakimiyyətə gəlməsi, ölkədə korrupsiyaya qarşı mübarizə aparması birdən-birə Paşinyanı Ermənistanın ən populyar siyasətçisi etmişdi. Lakin 44 günlük müharibənin başlaması və Ermənistanın biabırçı şəkildə məğlub olması Paşinyanın reytinqini alt-üst etdi. Reytinqin aşağı düşməsinə baxmayaraq, insanlar Paşinyandan çox, keçmiş hakimiyyətdən, elə Köçəryanın özündən də çox narazıdır. Çünki Ermənistanda bu gün də hökm sürən korrupsiya vəziyyəti məhz keçmiş hakimiyyətlərin dövründən qalıb. Bu mənada düşünürəm, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi isə 20,6 faizə yüksəlsə belə, Paşinyanın qalib gəlmə şansı daha çoxdur”.

Sabiq xarici işlər naziri politoloq Tofiq Zülfüqarov da deyib ki, Paşinyanın qalib gəlmək şansı daha yüksəkdir :

“Məsələ ondadır ki, Ermənistandakı parlament seçkilərinə təkcə Köçəryan-Paşinyan kontekstinə yanaşmaq doğru deyil. Çünki seçkilərin nəticəsi həm də Ermənistanı hansı qüvvənin idarə edəcəyini göstərəcək. Yəni seçki sonrası Paşinyan rəhbərliyində qərbmeyilli Ermənistan və ya Köçəryan rəhbərliyində Rusiya forpostu bir Ermənistan görəcəyik. Düşünmürəm ki, Köçəryan seçkilərdə qələbə qazansın. Çünki Ermənistanda insanlar Qarabağ klanının hakimiyyətə gəlməsini istəmir. Elə bu fakt Paşinyanın seçkilərdə qələbə qazanmasına səbəb ola bilər”.

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin fikrincə, seçkiqabağı keçirilən sorğularda Robert Köçəryanın səsinin artması həqiqəti əks etdirmir:

“Məsələ ondadır ki, bu gün Ermənistanda keçirilən sorğuların bir çoxunda kənar təsirlər var. Yəni sorğular heç də erməni xalqının iradəsini əks etdirmir. Bir ay ərzində Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsinin 20,6 faizə qədər yüksəlməsi mümkün deyil. Aydın məsələdir ki, Kreml səslərlə ciddi mənada oynayır və Ermənistandakı “5-ci kolon”u aktiv şəkildə Köçəryan lehinə hərəkətə keçirib. Düşünürəm ki, erməni xalqının böyük qismi Nikol Paşinyanı dəstəkləyir. Mənə görə də Paşinyan seçkilərdə qələbə qazanacaq”.

Politoloq Turab Rzayev isə qeyd edib ki, hazırda Rusiyanın bütün resursları Robert Köçəryanın seçkilərdə qələbə qazanması üçün səfərbər olub:

“Diqqət etsəniz, bəzi müxalifət partiyaları hazırda Köçəryanın “Ermənistan” bloku ətrafında birləşib. Bundan başqa, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən gərginlik də təsadüfən yaranmır. Yəni Kreml həm daxildən, həm də xaricdən Köçəryana ciddi ölçüdə dəstək verir.

Təbii ki, Paşinyan da boş durmur. Onun Avropa turnesinə çıxması, xarici dəstəkçilərindən kömək istəməsi bunu bir daha sübut edir. Köçəryanın real bir seçkidə hakimiyyətə gəlməsi real deyil. Buna görə də düşünürəm ki, Paşinyan seçiləcək”.13