ABŞ İrəvanın mina terrorundan əvvəlcədən xəbərdar olub



 16:13 08.06.2021     402

Terror təhlükəsi Amerika Dövlət Departamentinin 19 may 2021-ci il tarixli xəbərdarlığında bildirilmişdi. Deməli, rəsmi Vaşinqtonun siyasi və kəşfiyyat dairələri İrəvanın “mina terroru” planı haqda məlumatlı olub.

Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deyib.

Z.Orucun sözlərinə görə, Dövlət katibi Blinken bir ay əvvəl Bakıya telefon açaraq prezidentlə danışıqlar aparmışdı və “inanırıq ki, regionda sülh prosesi Vaşinqtona da, Qərbə də sərfəlidir” demişdi:

“Halbuki Paşinyanın Yelisey sarayı qarşısında 10 noyabr razılaşmasını “kağız parçası” adlandırması və sərhədləri qorumaq üçün Avropa dövlətlərindən hərbi yardım istəməsi müharibənin nəticələrindən narazı qalanların təkcə siyasi təzyiqlər deyil, eləcə də İrəvanın təxribat planlarında iştirakını sübut edir. Ona görə də biz Vətən müharibəsində qələbənin nəticələrinə söykənərək mina xəritəsindən qabaq, milli ərazi xəritəmizi - siyasi xəritəmizi düşmənə tanıtdırmalıyıq.

İkinci fakt Diplomatiya Akademiyasında keçirilən konfrasda Britaniyanın Links təşkilatının rəhbəri Dennis Sammutun prezidentə verdiyi sualdır. Regona yaxından bələd olan peşəkar konfliktoloq belə demişdi: “Cənab Prezident, Azərbaycan üçtərəfli bəyanata beynəlxalq legitimlik vermək üçün onu BMT Təhlükəsizlik Şurasının qətnaməsinə daxil etməyi düşünürmü?” Yəni, beynəlxalq eksperti maraqlandırırdı ki, biz qələbimizin hüquqi cəhətdən tanıdılması üçün nələrisə etməyi düşünürükmü? Gerçəkdən də unikal vəziyyətdir. 31 il əvvəl Almaniya birləşəndə, baxmayaraq ki, Qarabağdan fərqli məsələdir, heç kəs ona vahid Almaniya üçün beynəlxalq reyestrdən çıxarış tələb etmirdi. İndi biz Kəlbəcərdə və gələcəkdə digər nöqtələrdə ayağımız altında açılan atəş səslərini kəsmək üçün bir vaxtlar qəbul etdirdiyimiz 4 BMT qətnaməsi kimi qalibiyyəti tanıtdırma aktları da almağı unutmamalıyıq”.

Millət vəkilinin sözlərinə görə, mina partlayışları Minsk Qrupuna süni nəfəs vermək planı ilə üst-üstə düşür və yüksək siyasi mərkəzlərdən idarə olunur:

“O minaları Xankəndidə, Xocalıda saxlanan hərbi qrupların əli ilə basdırıblarsa, onda zorla geri qaytarılan 25-30 minlik ermənilərin birgəyaşayışına və gözlənilən “sülh müqaviləsi”nə zərbə vurduqlarının fərqində olsunlar. Mina qəsdini üzərinə götürən polkovnik Koryun Qumaşyan dövlətin terrorca danışan dilidir. Qumaşyanın müsahibəsi Noyan-Tapan TV-də 15 mayda yayımlanıb. 299 minə yaxın baxış olub, 750 şərh yazılıb. Əksər statuslarda diversantların qaytarılmasının terror yolu alqışlanır. Lakin partlayışlar Böyük Qayıdışı və kommunikasiyaların açılmasını durdura bilməz. Qardaş Türkiyə kimi Azərbaycanı 30 il terrorla müharibəyə cəlb etmək planı iflasa məhkumdur. Ona görə ki, 90-cı illərdə terrorla ərazi ələ keçirənlər onun bütün regionda yayılmasını görüb dayandırdılar.

Təəssüf ki, digər böyük mina ermənilərin 3 rayondan çıxması üçün verilən vaxta və əhalini ora kütləvi buraxmayıb insanların təhlükəsizliyini qoruduğuna görə dövləti suçlandıranlardır. Məgər o torpaqların azadlığı 3-4 dəfə artıq itkilərə səbəb olsaydı, “bir gülləsiz torpaqları azad etdik” bəyanatına zərbə vurmaq istəyənlər çox məmnun olacaqdılar? Bir də maraqlıdır, Kəlbəcər azad olunana kimi Eçmiədzin rahiblərinin bir-birinin ardınca Xudavəngi ziyarət etməsi, Allah qarşısında təmrinlər həyata keçirməsi faktı barmaqla sayılsa da, son 7 ayda keşişlərin dəstə ilə səfərlərinin məqsədi bəllidir, onların libasları altından mina müharibələrinə xeyir-dua vermələri şübhə doğurmur və belə silahlı din xadimləri İrəvandakı dəfnlərdən nəticə çıxarmır.

Lakin Qarabağı minaya çevirmək mümkün deyil. Məhv edilən hər mina savaşın davamıdır, çünki minalar erməni ordusunun simasıdır”.