Hüseynov türkiyəli səfirlə görüşdü - Foto
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri Cahid Bağçı ilə görüşüb.
DMX-dən Nexeber.az-a bildiriblər ki, Vüsal Hüseynov səfiri səmimi salamlayaraq yeni təyinatı ilə əlaqədar təbrik edib. Müzəffər Ordumuzun rəşadəti sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanın haqlı mövqeyinə verdiyi dəstəyi yüksək qiymətləndirib və hər iki dövlət başçısı arasındakı diplomatik və qardaşlıq münasibətlərinin ölkələrarası əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Xidmət rəisi bildirib ki, iki ölkə arasındakı dil və mədəniyyət yaxınlığı qarşılıqlı miqrasiyanın intensivliyinə səbəb olan əsas amillərdəndir. Azərbaycanda yaşayan və işləyən əcnəbilər arasında Türkiyə vətəndaşları ilk sıralarda yer alır və bu tendensiya ilbəil artır. Bu da miqrasiya qurumları arasındakı əməkdaşlığın genişlənməsinə imkan yaradır. Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış sazişə əsasən milli şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız gediş-gəliş rejiminin tətbiqinin davam etdirildiyi vurğulanıb. Vətəndaşlarımızın əmək fəaliyyətinə cəlb olunması məsələsində həyata keçirilən sadələşdirmələrə də toxunan Vüsal Hüseynov miqrasiya sahəsində əməkdaşlığın mühüm nəticələr verəcəyinə diqqət çəkib. İcazəsiz yaşayan şəxslərin readmissiyası və həyata keçirilməsi planlaşdırılan saziş layihələrindən bəhs edib. Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini bildirən Xidmət rəisi hazırda beynəlxalq tərəfdaşların dəstəyi ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Cahid Bağçı qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Miqrasiya sahəsində əlaqələrin daha da inkişafı istiqamətində mühüm layihələrin icra olunacağına əminliyini bildirib. O, iki ölkə arasında gediş-gəlişin daha da sədələşdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.