Nikol Paşinyan: Anklav anklavla dəyişdirilməlidir
Ermənistanın baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla ərazi mübahisələrinin həlli üçün Sovet dövründən mövcud olan anklavların mübadiləsindən imtina təklifi ilə çıxış edib. O bu barədə Tavuş bölgəsinin sakinləri ilə seçkiqabağı görüşündə açıqlama verib. Paşinyan deyib ki, beynəlxalq hüquqa və təcrübəyə əsaslanan ümumi məntiq var. Həmin məntiqə görə hazırda mövcud olan vəziyyət dəyişməzdir. Çünki Ermənistanın da Azərbaycanın nəzarətində olan bir anklavı var – Artsvaşen (Gədəbəy ərazisindəki Başkənd nəzərdə tutulur - red)”. N.Paşinyan bildirib ki, məntiqlə anklav anklavla dəyişdirilməlidir. Bununla yanaşı o deyib ki, qarşılıqlı olaraq Azərbaycanın nəzarətində qalan ərazi Azərbaycanın, Ermənistanın nəzarətindəki ərazi isə Ermənistanın nəzarətində qalmalıdır. Əlavə olaraq Paşinyan iddia edib ki, Ermənistan və Azərbaycanın yurisdiksiyasında təxminən eyni miqdarda analoji ərazi var.
Nexeber.az "Saxta.info" saytına istinadən bildirir ki, Paşinyanın açıqlamaları ilə bağlı dəqiqləşdirmələr aparıb.
Öncə qeyd edək ki, Bakı Paşinyanın oğlu Aşotun Azərbaycan tərəfindən tutulan diversantlarla mübadilə edilməsi barədə qəribə təklifinə məhəl qoymadığı kimi, onun bu təklifinə də reaksiya verməyib.
Paşinyan iddia edir ki, 10 noyabr tarixli üçtərəfli bəyanatın ilkin versiyasında Qazax rayonundakı ərazilərinin 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılması barədə bənd olub,
Amma sonradan bu bənd sənəddən çıxarılıb. Həqiqətən, bəyanatın Kremlin saytında yayımlanan versiyasında belə bir məqam var idi. Sonrakı variantda bu bənd olmayıb və Paşinyan bunu özünün qələbəsi hesab edir. Qeyd etmək lazımdır ki, bu, sənədin mətnində yeganə dəyişiklik deyil və qalanları tamamilə erməni tərəfinin maraqlarına zidddir. Xüsusilə, "Stepanakert" sözü, həmçinin Ermənistan "Laçın dəhlizini özündə saxlayır” müddəası üçtərəfli bəyanatdan “yoxa çıxıb”.
Digər tərəfdən anklav məsələsinin 10 noyabr razılaşmasından çıxarılması məsələnin bağlanması demək deyil. Bir ay əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan sosial şəbəkədə yaydığı açıqlamda qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə dair hazırlanan sənəddə "Tavuş bölgəsinin beş, Ararat bölgəsinin bir kəndinin Azərbaycana verilməsi" ilə bağlı bənd var.
Qeyd edək ki, məhz bu məsələnin Ermənistan Xarici İşlər Nazirliyində kütləvi istefaların səbəbi olduğu bildirir. Xatırladaq ki, nazir Ara Ayvazyanın ardınca bütün müavinləri və sözçüsü postlarını tərk ediblər. Bu mənada göründüyü kimi, Azərbaycanın keçmiş dövlət sərhədlərinin tamamilə bərpası məsələsi gündəmdədir. Bundan əlavə, erməni mənbələri Azərbaycan tərəfinin bu istiqamətdə işlədiyini təsdiqləyirlər.
Martın 7-də Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan özünün feysbuk səhifəsində yazıb: “Hazırda Azərbaycan əsgərləri Tavuş bölgəsindəki Azatamut icmasında, keçmiş Barxudarlı yaxınlığında ölçü işləri aparırlar. Artıq onlar vətəndaşlarımıza yaxınlaşaraq çox “nəzakətlə” deyiblər: evlərinizi və tövlələrinizi çayın o tayına köçürün. Xatırladım ki, Ermənistan-Azərbaycan sərhədinin bu hissəsində müharibə olmayıb. Barxudarlı stansiyasında problem olub. Ancaq Azərbaycan Barxudarlıdan 20 dəfə böyük ərazimizə, Artsvaşenə (Başkənd - red) nəzarəti ələ keçirib.
Yada salaq ki, Paşinyan iki ölkənin anklav ərazilərinin praktik olaraq bərabər olduğunu iddia edir və bildirir ki, əgər heç nə qaytarılmsa belə heç kim heç nə itirmir, amma hər şey olduğu kimi qalır. Göründüyü kimi, Paşinyan Azərbaycan ərazisindəki Başkəndlə Ermənistan ərazisindəki bütün Azərbaycan anklavlarını bərabərləşdirməyə çalışır. Maraqlıdır, Paşinyan nə dərəcədə doğru danışır?
Qeyd edək ki, 1992-ci ildə Azərbaycan ordusunun nəzarətinə keçən Başkəndin ərazisi 40 kv.km-dir. Həmin dövrdə Ermənistan ordusu Qazax rayonuna daxil olan yeddi Azərbaycan kəndini və Naxçıvan Muxtar Respublikasına məxsus bir kəndi işğal edib.
Həmin kəndlərin ərazisi də məlumdur.
Yuxarı Əskipara - 8.6 kv. km,
Aşağı Əskipara - 9.1 kv. km,
Baganıs Ayrım - 40 kv. km,
Barxudarlı - 10.1 kv. km,
Sofulu - 22 kv. km,
Qızılhacılı - 11 kv. km,
Xeyrimli - 4.1 kv. km.
Kərki (Naxçıvan MR) - 19.2 kv. km
Göründüyü kimi, Qazax rayonunun işğal olunmuş yeddi və Naxçıvanın bir kəndinin ümumi ərazisi 124 kvadrat kilometrdir ki, bu da Başkəndin ərazisindən üç dəfə çoxdur. Buradan bu nəticəyə gəlmək olar ki, Paşinyanın ərazi mübadiləsi məsələsini gündəmə gətirməkdə məqsədi Ermənistan ərazisini Azərbaycan kəndləri hesabına artırmaqdır.
Rusiyalı tarixçi Oleq Kuznetsovun sözlərinə görə, Sovet İttifaqının dağıldığı dövrdə, hətta ondan da əvvəl Ermənistan ərazisində 4 Azərbaycan eksklavı olub. Üstəlik, hardasa bir qrup kənd, ayrı yaşayış yerləri və hətta məskunlaşdırılmamış tarixi yerlər də olub.
Tarixçi xatırladıb ki, ilk ən vacib eksklav Naxçıvan muxtariyyətinin Sədərək bölgəsinin inzibati tabeliyində olan Kərkidir. Daha bir eksklav Ağstafaya, ikisi isə Qazaxa tabe idi. “Vaxtilə oradan bir neçə min azərbaycanlı çıxarılıb. Bu ərazilər rəsmi Bakının nəzarətinə qayıtmadan Azərbaycanın ərazi bütövlüyünün bərpası yüz faiz tamamlanmış hesab edilə bilməz”. Kərki kəndinin bir neçə nəqliyyat marşrutunun kəsişməsində yerləşdiyini deyən Kuznetsov bu ərazinin iqtisadi baxımdan da əlverişli olduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfi özü də ətrafında müzakirələrin getdiyi kəndlərin kimə mənsub olduğunu bilir. Ermənistan parlamentinin hakim "Mənim addımım" blokundan olan deputat Vaqe Qalumyan jurnalistlərə açıqlamasında xəritəyə əsasən Barxudarlı, Sofulu, Xeyrimli, Voskepar (Yuxarı Əskipara) kəndlərinin Azərbaycan əraziləri olduğunu deyib.
Azərbaycanda Qazax rayonunun işğal olunmuş kəndləri - Bağanis Ayrım, Sofulu, Qızılhacılı, Aşağı Əskipara və başqa yaşayış məntəqələrinin də tezliklə erməni işğalından azad olunacağına şübhə etmirlər.
Xatırladaq ki, erməni silahlı dəstələru 1990-cı ilin martından etibarən Qazax rayonunun sərhəd kəndlərini atəşə məruz qoyublar. Ermənilər əvvəlcə Baganıs Ayrım kəndini, 1992-ci ilin aprelində isə Barxudarlı və Sofulunu ələ keçiriblər. Sonra Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara işğal edilib.
Ekspertlərin fikrincə erməni tərəfinin qorxusu yalnız ərazinin qaytarılacağı ilə bağlı deyil. Paşinyanın mübadilə təklifi digər amillərlə əlaqədardır. Məsələ burasındadır ki, 1990-cı ildə etnik təmizləmənin ilk qurbanı olan Baganıs Ayrım kəndi Ermənistanı Gürcüstan və Rusiya ilə birləşdirən İcevan-Noyemberyan magistral yolunun kənarında yerləşir. Ermənistanda kəndin Azərbaycana qaytarılmasından sonra ermənilərin nəqliyyat əlaqələrində problem yaşanacağından qorxurlar. Bundan əlavə, bu ərazidən qaz kəməri də keçir.
Ermənistanın şimalını cənubu ilə birləşdirən yolun üzərində yerləşən Kərki kəndi də az əhəmiyyət daşımır. Erməni ekspertlərin fikrincə, Azərbaycanla sərhədin müəyyənləşdirilməsinə dair Minasyanın açıqladığı, həqiqiliyi artıq Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən tanınan sazişin reallaşması Ermənistan tamamilə mühasirəyə düşməsi ilə nəticələnə bilər. Belə ki, Tavuş bölgəsindəki anklav kəndlərin geri qaytarılması ilə Ermənistandan Gürcüstana gedən yol bağlanacaq. “Bundan əlavə, Kərki kəndinin Azərbaycana təhvil verilməsi Ermənistanı iki hissəyə böləcək”, deyə erməni ekspertlər bildirirlər.
Yeri gəlmişkən, hələ fevral ayında, erməni KİV-lərinin yazdığına görə, Paşinyan Kərki kəndində məskunlaşan ermənilərin çıxarılmasına dair göstəriş verib. "Joxovurd" qəzetinin məlumatına görə, Paşinyan qubernator Razmik Tevonyan və Ararat bölgəsinin alay komandiri ilə görüş keçirib. Görüş zamanı Kərki kəndinin gələcək taleyi müzakirə olunub. Qəzet iddia edir ki, üçtərəfli razılaşmaya əsasən Kərki kəndi də daxil olmaqla bəzi anklav ərazilər Azərbaycana qaytarılacaq və Paşinyan yaxın gələcəkdə kəndi tərk etməklə bağlı göstəriş verib. Xatırladaq ki, hələ aprel ayında erməni politoloq Qrant Melik-Şahnazaryan da Şurnux kəndinin bir hissəsindan başqa Kərkinin də Azərbaycana veriləcəyinə dair açıqlama yaymışdı.
Bütün qeyd edilənlərdən belə nəticəyə gəlmək olar:
Birincisi, Azərbaycanın eksklav ərazilərdə suveren hüquqlarının bərpası məsələsi gündəmdə qalır.
İkincisi, Nikol Paşinyan Ermənistan ərazisindəki anklavlarla bağlı danışıqlara başlamağa hazırdır və son açıqlamaları yalnız seçkiqabağı xarakter daşıyır.
Üçüncüsü, anklavların mübadiləsi heç bərabər deyil ki, Azərbaycan tərəfi öz maraqlarına zidd olaraq buna razılaşsın.
Saxta.info bu qənaətə gəlib ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın açıqlamaları gerçəkliyi əks etdirmir.