"Qarabağ"ın prezidenti: "MOİK qalib gəlsəydi, üzülməyəcəkdim"



 21:30 21.12.2023     435

"Qarabağ"ın prezidenti Tahir Gözəl Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Report" xəbər verir ki, funksioner ilk olaraq qarşılaşma haqqında fikirlərini bölüşüb:

"MOİK möhtəşəm çıxış etdi. Onları alqışlamaq lazımdır. Əsgərlərin qələbə ruhunu futbolçularında gördük. Onlarla qürur duydum. "Qarabağ" prezidenti kimi deyirəm, MOİK qalib gəlsəydi, inanın üzülməyəcəkdim. Yenə də, halal olsun deyəcəkdim. Çünki alınlarının təri ilə böyük mübarizə apardılar. Sadəcə, qismət bizə imiş. Hər komanda qalib gəlmək istəyirdi".

- Bura dünəndən gəlmisiz. Şuşa və Xankəndidə də olmusuz. Şəhərlərimizlə bağlı təəssüratınız necədir?

- Bura ilk dəfədir gəlirəm. Dahah əvvəl klubla Ağdama getmişdim. Buraları gecəm piyada gəzmişəm. Çox qeyri-adi duyğudur. Allah qoysa, gələcək nəsillər bu mənəviyyatı, gözəlliyi öz ürəklərində daşısınlar. Buraları geri qaytarmaq, buralara gəlmək... Böyük fədakarlığın nəticəsində buralara gəlib çatmışıq. Ona görə böyük qürur, sevinc hissi var. Çox gözəl yerlərdir. Bütün Qarabağı tək-tək ziyarət etmək istəyirəm.

- Avropa klublarını burada qonaq etməyi düşünürsüz?

- Cənab Prezident matçdan əvvəl, "İmarət"in tezliklə inşa ediləcəyi haqda xoş xəbər verdi. Allah qoysa, Avropa komandalarını orada qəbul edəcəyik. Avropa klublarına mesajım budur ki: ən böyük klublar illərdir avrokuboklarda oynayırlar, amma son illərin ən gözəl sürprizi "Qarabağ"dır. Azərbaycan futbolunda tarix yazıb. Onların heç gözləmədiyi cəsarətdə, imanda klub qarşılarına çıxır. Biz Avropada həmişə sürpriz edəcəyik.

- "Qarabağ" yenidən Xankəndinə səfər edə bilər?

- AFFA ilə bərabər bura gəlməyə həmişə hazırıq. "Qarabağ" infrastrukturu və hər şeyi ilə artıq Bakıda yerləşən klubdur. Amma "İmarət" stadionu tikiləndə, şərait normal olanda, əbləttə ki, ən gözəl oyunlarımızı, ilin ən baxımlı, maraqlı matçlarını burada keçirməkdən şərəf duyarıq.

- Avropa Liqasında "Braqa" ilə qarşılaşacaqsınız. Bu haqda fikriniz necədir?

- Potensial rəqiblər arasında Çempionlar Liqasında çempion olmağı qarşısına hədəf qoymuş "Milan" kimi klublar var idi. Hesab edirəm ki, "Braqa"ya qarşı oyunlarımız ağır olacaq. Amma bizim qarşımıza çıxmasını arzu etdiyimiz üç klubdan biri onlar idi. Portuqaliyanın möhtəşəm mədəniyyəti, tarixi var. Qarşımızda hörmətli, dərin klub dayanıb. Bir şeyi də unutmayaq ki, "Braqa"nın büdcəsi bizdən çox böyükdür. Amma "Qarabağ" "Bayer"ə qarşı göstərdiyi mübarizəni orada göstərsə, məncə, çox böyük şansımız var.