XİN rəhbərlərinin müavinləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko azərbaycanlı həmkarı Araz Əzimovla regional və Avropa təhlükəsizliyi məsələlərini müzakirə edib.
Demedia.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Bakıya səfəri çərçivəsində A.Qruşkonu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qəbul edib. Eləcə də, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.
Görüşlər zamanı Cənubi Qafqazda və Avropanın təhlükəsizliyi sahəsində, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, Avropa Şurasındakı vəziyyət müzakirə olunub. Eləcə də, ölkələrimizin Avropa İttifaqı və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələlərə də toxunulub.
“Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyəti vurğulanıb. Hər iki tərəf regional və Avropa təhlükəsizlik məsələləri üzrə sıx dialoqun davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər”, - Rusiya XİN bildirib.