Şuşa mesajının ünvanı aydındır - Fransalı alim



 15:30 17.06.2021     364

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü tarixən kök salmış qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olan iki böyük ölkə arasında növbəti tarixi görüşdür.

Nexeber.az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Ali Tədqiqatlar Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Kərim İfrak Azərtac-a müsahibəsində deyib.

O bildirib ki, Türkiyənin də mühüm rol oynadığı 44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada baş tutan bu görüş çox böyük rəmzi məna kəsb edir:

“Bölgənin “güclü dövləti”, eləcə də NATO-nun strateji üzvü olan Türkiyə və NATO-nun sonuncu Zirvə görüşündə ABŞ Prezidenti Co Baydenin Prezident Rəcəb Tayyib Ərdoğanla səmimi salamlaşması - bütün bunlar rəmzi məna daşıyır.

Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin bu görüşü iki qardaş ölkə arasındakı çox mühüm əməkdaşlığı bir daha təsdiqlədi. Həmçinin bu görüş Azərbaycanın mədəniyyətə və sülhə verdiyi önəmi əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhəri cari ilin mayında Azərbaycanın mədəniyyət mərkəzi elan edildi. Yaxşı bilirik ki, sülhə yer olmayanda, mədəniyyətə də yer olmur. Bu baxımdan Şuşa mesajının ünvanı aydındır. Ona görə də bu tarixi Bəyannamə bütün region üçün möhkəm sülh, sabitlik və tərəqqi amilidir”.

O qeyd edib ki, Qarabağda erməni minasının qurbanı olmuş iki azərbaycanlı jurnalistin ailəsinə başsağlığı verirəm:

“Dünya ictimaiyyətini mövcud reallıqlarla məlumatlandırmaq istəyən iki jurnalist həyatını itirdi. Bu hadisə Ermənistanın insan və tank əleyhinə minalarının nə qədər təhlükəli olduğunu göstərən faciədir. Bu, eyni zamanda Ermənistanın beynəlxalq konvensiyaları, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozduğunu göstərir. Bu dözülməz vəziyyət hamımızdan beynəlxalq ictimaiyyətə çağırışlar etməyi tələb edir.

Azərbaycanlı jurnalistlərin ölümü bir daha minaların nə dərəcədə təhlükəli olduğunu dünyaya xatırlatdı. Azərbaycan erməni əsgərlərini qaytarmaqla humanist siyasətini bir daha nümayiş etdirdi. Ermənistan təkcə bir rayonun deyil, işğaldan azad olunmuş bütün ərazilərdə yerləşdirdiyi minaların xəritələrini verməlidir”.

Kərim İfrak vurğulayıb ki, Ermənistana diplomatik və iqtisadi münasibətləri möhkəmləndirməklə regionda sülhün bərqərar olmasına çağırış etməklə Azərbaycan sülhpərvər mövqeyini göstərir:

“Bu, Azərbaycan xalqının sülh və tərəqqi niyyətində olmasının sübutudur. Beynəlxalq hüququn normalarına riayət etməyən Ermənistan isə bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq, azad edilmiş ərazilərdə yerləşdirdiyi minaların xəritələrini verməməklə barışıq və yenidənqurma layihələrindən imtina edir. Mülki insanların ölümü və ya yaralanması ilə nəticələnən minalarla bağlı passivlik göstərmək qəbuledilməzdir. Vəziyyətə təcili olaraq yenidən baxılmalı, beynəlxalq təsisatlar onsuz da ciddi olan vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq məqsədilə Ermənistanın əməkdaşlığa cəlb olunması üçün bütün zəruri imkanlardan yararlanmalıdır”.

O bildirib ki, Minsk qrupunun üzvü olan Fransa Azərbaycanın sülh layihəsini dəstəkləməli və Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.

“Ermənistanı bütün mina xəritələrini verməyə məcbur etmək lazımdır. Otuz il əvvəl on minlərlə azərbaycanlı ailəsinin evlərindən didərgin salınması, əcdadlarının yurdundan qovulması böyük faciə və bəşəriyyət tarixinin qara səhifəsidir. Bu gün həmin ailələrin öz evlərinə dönmək, yenidən normal həyata başlamaq şansı yaranıb. Azərbaycan hökuməti bu istiqamətdə artıq quruculuq işlərinə başlayıb. Məndə olan məlumata görə, bir və ya iki il ərzində yeni kəndlər və şəhərlər inşa ediləcək. Bu ailələr artıq evlərinə dönə biləcəklər. Hətta Britaniya hökumətinin də bu istiqamətdə Azərbaycana yardım təklif etdiyini eşitmişəm. Buna görə düşünürəm ki, Fransa da eyni addımı atmalı və son dərəcə perspektivli olan bu regionda sülh quruculuğu prosesində Azərbaycana kömək etməlidir”, - deyə K. İfrak diqqətə çatdırıb.