Ermənistanın vəhşilikləri Meksika televiziyasında



 09:22 18.06.2021     629

Meksikanın nüfuzlu “Canal 22” dövlət televiziyasının “Xəbərlər” proqramında işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və bu ərazilərin yenidən qurulması istiqamətində Azərbaycan tərəfindən görülən işlər haqda səfir Məmməd Talıbovun müsahibəsi efirə gedib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Axar.az-a verilən məlumata görə, müsahibədə ilk olaraq, erməni təcavüzünün tarixi və Vətən müharibəsinin yekunları haqda məlumat verilib, 30 ilə yaxın davam etmiş işğal müddətində Azərbaycan ərazilərinin beşdə birində bütün yaşayış infrastrukturunun məhv edildiyi və ölkəmizə aid tarixi-mədəni abidələrin erməni vandalizminə məruz qaldığı bildirilib.

Hazırda 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün mümkün qədər qısa zamanda öz evlərinə qayıda bilməsi üçün Azərbaycanın bütün səylərini bu ərazilərin minalardan tam təmizlənməsi və yenidən qurulmasına yönəltdiyi, bu xüsusda artıq nəqliyyat yolları, hava limanları, hospital, məktəb və digər zəruri infrastruktur layihələrinin inşasının həyata keçirildiyi deyilib.

Müsahibədə, həmçinin Azərbaycan hökumətinin bu ərazilərdə erməni vandalizminin qurbanı olmuş tarixi-mədəni abidələrimizin, xüsusilə ölkəmizin mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin mədəni irsinin bərpası yönündə önəmli addımlar atdığı söylənilib.

Söhbət zamanı Azərbaycanın çoxmədəniyyətlilik ənənələri, müxtəlif sivilizasiyalar və fərqli mədəniyyətlər arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə ölkəmizdə uğurla aparılan “Bakı prosesi”, bu çərçivədə həyata keçirilmiş mötəbər tədbirlər və bu addımların sözügedən sahəyə verdiyi önəmli töhfələr haqda məlumat verilib.

Sonda Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf tempi haqda danışılıb.