Nazir Bakıya Nazarbayevin istəyi ilə gəlib?
Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Bakıda idi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra belə bir səfər təsadüfi deyil və istisna deyil ki, türkdilli ölkələr arasında da buna bənzər müttəfiqlik müqaviləsinin imzalanmasının imkanları araşdırılır.
Türk Şurasının baş katibi Bağdad Amreyev də Şuşa Bəyannaməsindən danışarkən bildirdi ki, “Bu, türk dövlətləri arasında genişçaplı əməkdaşlığın nümunəsidir və Bəyannamədə əksini tapan məsələlərin çoxu Türk Şurası çərçivəsində üzv və müşahidəçi dövlətlər tərəfindən müzakirə olunur”.
Muxtar Tleuberdinin də belə bir məqsədlə niyə Bakıya səfər etməsinin bir neçə səbəbi mümkündür:
1. Türk Şurasının sədrliyi Azərbaycandadır (ilin sonunda Türkiyəyə təhvil verəcək): Qazaxıstan Şuşa Bəyannaməsinin türk dövlətləri üçün presedent imkanlarını araşdırır və bunun Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin istəyi olduğu istisna deyil;
2. Qazaxıstan xarici işlər nazirinin indiki məqamda bir sıra görüşlər keçirmək məqsədilə Ankaraya səfər etməsi Moskvada doğuracağı reaksiyası kontekstində sərfəli deyil;
3. Bakı türkdilli ölkələr arasında birləşdirici körpü və mərkəz rolunu oynayır, bu rol Azərbaycanın Türk Şurasında sədrliyi təhvil verməsindən sonra da davam edəcək, xüsusilə coğrafiya buna imkan verir;
Şuşa Bəyannaməsinə uyğun sənədin türkdilli ölkələr arasında da imzalanmasının Türkiyənin TŞ-yə rəhbərlik etdiyi dövrə planlaşdırılması mümkündür.