Türkiyə və İsrail arasında yeni dönəm başlayır



 09:54 14.07.2021     643

Cənab Ərdoğanla İsrailin yeni seçilən Prezidenti İshaq Hersoqun telefon danışığı təxminən 40 dəqiqə davam edib. Danışıqdan sonra hər iki prezidentin sosial media səhifələrindən görüşlə bağlı açıqlamalar paylaşıldı. Açıqlamalarda enerji, turizm, ticarət və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirildi. Uzun müddətdən sonra iki ölkənin dövlət başçısı arasında telefon danışığının baş tutması təqdirəlayiq haldır.

Bu sözləri Axar.az-a açıqlamasında Yaxın Şərq üzrə türkiyəli ekspert Heydər Oruc deyib.

O, Türkiyənin bölgədəki problemlərin həlli üçün aktiv diplomatik həmlə həyata keçirdiyini qeyd edib:

“Bu telefon danışığından öncə, 10 iyulda Fələstin Prezidenti Mahmud Abbasın Türkiyəyə səfəri baş tutdu. Türkiyə və İsrail arasında olan problemlərin təməlində əslində İsrailin Fələstində həyata keçirdiyi şiddət siyasəti və insan haqları dayanır. Əqsa məscidi və qanunsuz məskunlaşma Türkiyənin həssas olduğu məsələlərdəndir. Türkiyə Fələstin məsələsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin və beynəlxalq hüququn tələbləri əsasında ikidövlətli həll yolunu dəstəkləyir. Ərdoğan da Hersoqla danışığında Türkiyənin bu mövqeyini yenidən ifadə etdi”.

Orucun sözlərinə görə, Türkiyə Fələstinlə bağlı mövqeyindən çəkilmir, amma İsraillə əlaqələri bu məsələdən ayırır:

“Görünən odur ki, Türkiyə Fələstin məsələsi və İsrail ilə əlaqələri bir-birindən ayırıb. Çünki Şərqi Aralıq dənizində artan gərginlik, Suriya məsələsi kimi problemlər hər iki ölkənin marağındadır. İsraildə yeni prezidentin hakimiyyətə gəlməsi və yeni hökumətin qurulması ilə bölgəsəl təhlükəsizlik problemlərinin həllində birgə çalışmaq imkanı yaranıb. Lakin Türkiyə Fələstin məsələsindəki mövqeyindən də qətiyyən vaz keçmir. Əlbəttə, ikitərəfli əlaqələrin bərpası həm də İsrail-Fələstin münaqişəsinin həllinə öz müsbət töhfəsini verəcəkdir”.