Erməni ordusu “İt yuvası-3”-dən sızmağa çalışdı - Video



 13:06 14.07.2021     410

Terror və təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert Abdullah Ağarın Axar.az-a müsahibəsi:

- Abdullah bəy, Tovuz hadisələrinin 1-ci ili tamam oldu. Sizcə, bu təxribatın başvermə səbəbləri nəydi?

- O zamankı konyekturaya diqqət yetirsək, Tovuz hadisələrinin baş verməsinə səbəb olan bəzi təməl parametrləri görmək mümkündür. Çox yaxşı xatırlayıram, həmin vaxtı Paşinyan “Azərbaycan artıq başqa işlərlə məşğul olmalı və Qarabağı tamamilə unutmalıdır” deyirdi. Digər tərəfdən Ermənistanın o dönəmki müdafiə naziri David Tonoyan “yeni müharibə və yeni ərazilər” tezisi ilə Azərbaycanı hədələmişdi. Ancaq Tovuz hadisələrinin əsas səbəbləri yalnız bu deyil. Ağdam kəndinin Mübariz postuna, Babadağ postuna və bu iki post arasında yerləşən, hadisələrin yaşandığı aradakı posta diqqət yetirmək lazımdır. Erməni hərbçiləri həmin ərəfədə əsasən bizim hərbçilərimizin “İt yuvası 1”, “İt yuvası 2” və “İt yuvası 3” adlandırdıqları yerlərdən, xüsusilə “İt yuvası 3”-dən sızmağa çalışırdılar. Tovuz isə Kür çayı vadisinə nəzarət etmək üçün əlverişli coğrafi-strateji mövqeyə sahibdir. Ermənistan enerji xətləri üzərində, sonradan Azərbaycan üzərində nəzarəti ələ keçirmək istəyirdi.

- Ermənistan bununla nəyə nail olmağı hədəfləyirdi?

- O ərazidən Azərbaycanı Türkiyəyə və dünyaya bağlayan Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP təbii qaz kəməri, dəmir yolu və magistral avtomobil yolu keçir. Tovuzun işğalı bu enerji və nəqliyyat xətlərinə nəzarəti ələ keçirmək demək idi. Ermənistan Tovuzu işğal etməklə dünyada enerji məsələsində xüsusi bir yerə sahib olmaq məqsədi güdürdü. Avropanın enerji ehtiyacının qarşılanmasında böyük əhəmiyyəti olan bu xətlərin ələ keçirilməsi və nəzarət edilməsi qüvvələr balansının çox fərqli şəkildə dəyişməsi, Azərbaycan və Türkiyə arasındakı bağların, strateji əlaqələrin qoparılması mənasına gəlir. Bütün bunları düşünərək Ermənistan siyasi manipulyasiyalar etmək istədi, lakin işlər onların istədikləri kimi olmadı. Hadisələr tamam başqa formada inkişaf etməyə başladı. Əlbəttə, Tovuz hadisələrində əsas məqsədlərdən biri həm də Azərbaycanı Ermənistan ərazisinə girməyə təhrik etmək və savaşa sürükləmək idi. Ancaq Azərbaycanın strateji ağlı bu manipulyasiyaları gördü və bütün bunları öz xeyrinə dəyişdi. Yoxsa Azərbaycan çox ciddi təhdidlər qarşısında qalacaqdı.

- 4 gün bundan öncə, 9 iyunda Azərbaycan dövləti ölkəmizdəki diplomatik korpus nümayəndələrinin Şuşaya səfərini təşkil etdi. Ancaq Minsk Qrupunun üzvləri olan ABŞ, Rusiya və Fransanın səfirləri səfərdə iştirak etmədi. Bunu necə dəyərləndirirsiniz?

- ABŞ, Rusiya və Fransa səfirlərinin Şuşaya getməməsinin ilk səbəbi təkəbbürdür. Onların Şuşaya getməsi 44 günlük müharibədən sonra ortaya çıxan gerçəyi və Azərbaycanın gücünü qəbul etmələri anlamına gəlir. Buna qarşı mümkün olduğu qədər müqavimət göstərmək istəyirlər. Digər tərəfdən Minsk Qrupu vasitəsilə ATƏT-i hərəkətə keçirmək niyyətləri var. Həm də belə davranmaqla Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Əsas səbəb isə odur ki, Azərbaycanın qələbəsini həzm edə bilmirlər