Polad Bülbüloğlu Kanadanın Rusiyadakı səfiri ilə regiondakı vəziyyəti müzakirə edib



 17:59 22.01.2024     315

Kanadanın Rusiyaya yeni təyin olunmuş səfiri Sara Teylor Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə Report-un Rusiya bürosu Azərbaycan səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Polad Bülbüloğlu erməni diasporunun təsiri altında olan Kanadanın bəzi siyasətçilərinin Azərbaycanla bağlı qeyri-real, ədalətsiz və ermənipərəst bəyanatlarından narahat olduğunu bildirib. O, səfirə ölkələr arasında münasibətlərin pisləşməsi ilə bağlı narahatlığını Kanada rəhbərliyinə çatdırmağı xahiş edib.

Diplomat kanadalı həmkarını bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Görüş zamanı bir sıra məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Azərbaycanın səfiri münaqişənin tarixi, Azərbaycan və Ermənistan arasında uzunmüddətli və nəticəsi əldə olunmayan danışıqlar prosesi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə barədə ətraflı danışıb, o cümlədən 2023-cü il sentyabrın 19-da aparılan lokal antiterror tədbirləri barədə məlumat verib.

Azərbaycan diplomatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin yalnız hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması ilə mümkün olduğuna xüsusi diqqət çəkib.

Tərəflər regionda gedən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.