Yeni Baş Qərargah rəisi təyin olundu - Sərəncam
General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzlayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, ölkəmizin nüfuzlu generallarından olan Kərim Tofiq oğlu Vəliyev 9 fevral 1961-ci ildə Bakı şəhərində anadan olub. 1982-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.
1982-1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi, tədris şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət edib.
1990-1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
14.05.2014-cü il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
20.02.2019-cu il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Ailəlidir. İki övladı var.