İrəvan eskalasiyaya çalışır: Kreml başa salacaq - Video



 11:20 29.07.2021     1118

Sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı üzrə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyinin olmaması bu gün Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatların əsas səbəbləridir.

Bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, Ermənistan bu addımla Azərbaycanın guya təcavüzkar olduğunu göstərmək və KTMT-yə, Avropa Birliyinə və ələlxüsus Fransaya dəstək üçün müraciət etmək niyyətindədir:

“Ermənilərin Kəlbəcər təxribatı təəssüf ki, İrəvanın sürüşkən, iyrənc siyasətinin davamıdır. Hazırkı gərginləşmə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsinə imkan verməmək və üçtərəfli bəyanatın tammiqyaslı tətbiqindən qaçmaq məqsədi güdür. Eyni zamanda, İrəvan bu eskalasiyadan öhdəsinə götürdüyü nəqliyyat kommunikasiyalarının açılmasından və digər məsələlərdən imtina üçün istifadə etməyə çalışır.

Ermənistan başa düşməlidir ki, onlar üçün bu eskalasiya yaxşı heç nəyə gətirib çıxara bilməz. Moskva hələ də ümid edir ki, Ermənistan dayanacaq və təhlükəli eskalasiyanı davam etdirməyəcək. Çünki İrəvan uduş əldə edə bilməyəcək. İrəvan dərk etməlidir ki, regionda artıq yeni reallıqlar var. Bu reallıqlar çərçivəsində Cənubi Qafqaz regionuna sülh, mehriban qonşuluq və bütün nəqliyyat kommunikasiyalarının açılması gərəkdir. Əminəm ki, Rusiya bu fikri Ermənistanın başına yeridəcək”.