Türkiyə səfirliyi Azərbaycana təşəkkür etdi



 11:57 31.07.2021     1092

 

Türkiyənin Azərbaycandakı Səfirliyi meşə yanğınlarının söndürülməsi üçün göstərilən yardımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Axar.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində məlumat paylaşılıb:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin cənub əyalətlərində baş verən yanğın fəlakətində Türkiyənin yanında olmaq barədə göstərişlərinə uyğun olaraq, qarşılıqlı koordinasiya ilə razılaşdırılmış ilk tam təchiz olunmuş yanğınsöndürmə yardım qrupunu və müxtəlif yanğınsöndürmə vasitələrini daşıyan təyyarə axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qalxaraq Türkiyəyə yola düşüb.

Kədər və sevincində hər zaman bir-birinin yanında olan ölkələrimizin qardaşlığını möhkəmləndirən bu dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Sahibə Qafarovaya, Milli Məclis Komissiyalarının rəhbərlərinə, millət vəkillərinə, Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla bütün əlaqədar ictimai qurum və təşkilatlara, qeyri-hökumət təşkilatlarına və qardaş Azərbaycan xalqına xüsusi təşəkkürümüzü bildiririk”, - səfirlikdən bildirilib.