Prezident seçkilərində seçicilərin 76,73 faizi iştirak edib



 21:54 07.02.2024     497

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 19:00-a olan son seçici fəallığı açıqlanıb.

Demedia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 19:00-a qədər respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6522-dir.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.