İlham Əliyevə təbriklər gəlməkdə davam edir - Yeniləndi
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İlk dəfə olaraq seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.
Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir.
Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm".
***
13:34
AZİZ - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.
Demedia.az xəbər verir ki, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bu il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Şübhəsiz ki, bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir. Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmiş, xalqın rifahı üçün əlinizdən gələni etmisiniz.
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşdu. Bu Zəfər bütün azərbaycanlıların qəlbində sevinc və qürur hissi yaratdı. Bunun nəticəsidir ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində öz layiqli liderinin - Sizin namizədliyinizi mütləq səs çoxluğu ilə dəstəklədi.
Prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayıram. Əminəm ki, bu uğurlar ölkənin davamlı inkişafında müstəsna rol oynayacaqdır".
***
12:52
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Demedia.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri Prezident İlham Əliyev.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və xalqınızın Zati-alinizə inamının bir daha təsdiqi münasibətilə Sizə səmimi təbriklərimizi və xeyir-duamızı çatdırmaqdan məmnunluq hissi duyuruq.
Bəhreyn Krallığı və Azərbaycan Respublikası arasında bizim də diqqət yetirdiyimiz və yüksək dəyərləndirdiyimiz ikitərəfli münasibətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ölkələrimiz və xalqlarımızın maraqları naminə bu əlaqələri bütün sahələrdə möhkəmləndirmək istiqamətində Zati-alinizlə işləməyə ümidvarıq.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".
***
12:06
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Demedia.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Şimali Amerikanın Mərkəzi Asiya mənşəli 80 min Buxara yəhudisi adından 2024-cü il fevralın 7-də keçirilən demokratik seçkilərdə qazandığınız yeni qələbə münasibətilə səmimi təbrikləri qəbul etməyinizi xahiş edirəm.
Sizin inamlı qələbəniz, yenidən Azərbaycan Prezidenti seçilməyiniz həyatın bütün sahələrində demokratik dəyişikliklərin dərinləşdirilməsi üzrə kursunuzun gələcəkdə də həyata keçirilməsinə zəmin yaradır. Şübhəsiz ki, Siz beynəlxalq əməkdaşlığa yeni impuls verirsiniz və ölkəni inkişaf etmiş demokratik dövlət quruculuğu yolu ilə inamla irəli aparırsınız.
Ölkənin yenidən seçilmiş Prezidenti olmaq həqiqətən də qürurvericidir və bütün dünyaya özünün beynəlxalq səviyyədə tanınan universallığını göstərir. Bu gün respublikada hüquqi bərabərlik, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların azadlığı üçün hər cür şəraitin yaradılması bizi sevindirir.
Biz amerikalılarla görüşlərimiz zamanı və Amerika mediasında çıxışlarımızda Azərbaycanın həyatında müsbət dəyişiklikləri məmnunluqla diqqətə çatdırırıq və xalq diplomatiyasının imkanlarından istifadə edərək ABŞ ilə Azərbaycan arasında dostluq körpüsü rolunu oynamaqda davam edirik.
İstəyirik ki, Sizin həyatınız gələcəkdə də müdrikliklə və məğlubedilməzliklə zəngin olsun. Qoy, bu seçkilər respublikanın yeni zirvələr fəth etməsi yolunda yeni mərhələ olsun! Sizi bir daha səmimi-qəlbdən təbrik edirik. Azərbaycana gələcəkdə də tərəqqi arzulayırıq. Sizə və ailənizə möhkəm cansağlığı, əmin-amanlıq və dövlət başçısı kimi məsuliyyətli vəzifənizdə uğurlar diləyirəm. Sizə dərin ehtiramıma əmin ola bilərsiniz".
***
11:30
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Demedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Maya Sandu İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.