"Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır" - Deputat
"Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter almış və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. Eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor Azərbaycan Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər".
Bu sözləri deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Vətən Müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında oldu. Ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Türkiyə rəsmiləri dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq.
"Bu gün Azərbaycan Türkiyə ilə bütün sahələrdə uğurla əməkdaşlıq edir. Bu çərçivədə Azərbaycanın öz ordusunu Türkiyə modelinə uyğunlaşdırması prosesi uğurla aparılır. Qarşımızda duran əsas məsələlərdən biri ordumuzla yanaşı, digər istiqamətlərdə də təsirli addımların atılmasıdır.
"Türkiyə-Azərbaycan Universitetinin qurulması haqqında memorandumun imzalanması da məhz buna hesablanıb. Bu ali təhsil ocağının yaradılmasında əsas məqsəd bizim təhsil sistemimizin təkmilləşdirilməsidir. Fikrimcə, Azərbaycanın təhsil sistemində də Türkiyə modeli tətbiq olunmalıdır.
Hazırda Türkiyənin təhsil sistemi kifayət qədər inkişaf edib. Bunun sayəsində bizim təhsil sistemini arzuedilən səviyyədə inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması çox önəmli və uğurlu addımdır. Bu addım iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə özünəməxsus töhfə verəcək". Cənab Prezidentin də söylədiyi kimi: Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.
beynəlxalq təşkilatlarda, müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlmişdir.
Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Məhz bu birliyimizin sübutu olaraq, Azərbaycan Prezidentinin seçkilərdən sonra ilk Türkiyəyə səfər etməsi dərin kökləri olan və xoşbəxt gələcəyə hesablanmış Azərbaycan-Türkiyə münasibətlərinin, dostluğumuz və qardaşlığımızın bu gündən sonra da yüksələn xətt üzrə inkişafına ciddi töhfə verəcək. Azərbaycan Türkiyə münasibətləri əbədi və sarsılmazdır".