TBMM sədri babasının Zəngəzurda erməni yaraqlılarına qarşı savaşdığını söyləyib
Babam ötən əsrin əvvəlində Zəngəzur bölgəsindəki əhalini təşkilatlandırmaq və xalqı erməni yaraqlılarına qarşı qorumaq üçün mübarizə aparıb.
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
“Rəhmətlik babam Numan Kurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır <…> Olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsidir. Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır”, – parlament başçısı söyləyib.
64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.