Ombudsman 2023-cü il üzrə məruzəsini Prezidentə təqdim edib



 10:36 27.02.2024     348

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva 2023-cü il üzrə məruzəni Azərbaycan Prezidentinə təqdim edib.

Bu barədə Demedia.az-a Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2023-cü il üzrə məruzəsi hazırlanıb.

Cari il bitdikdən sonra iki aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.

İllik məruzə, eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.

İnsan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2024-cü ilin 27 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.

2023-cü il üzrə məruzədə Ombudsmanın Azərbaycan Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə Milli Məclisdə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcək.