Artıq müharibənin taleyi həll olunub - Rusiyanın məğlubiyyət ETİRAFI / ŞƏRH



 09:12 11.04.2022     438

Bu gün Ukrayna-Rusiya müharibəsinin 44-cü günüdür. Geridə qalan müddət ərzində Ukrayna xalqı fəlakətlər yaşadı, yüzlərlə dinc sakin müharibənin qurbanına çevrildi, milyonlarla insan öz evindən didərgin düşdü. Bütün bunlara baxmayaraq, Ukrayna xalqı geri çəkilmədi və bu gün də Rusiya ordusuna qarşı dirəniş göstərməyə davam edir.44 gün ərzində Rusiya xeyli itkilər verdi və ağır iqtisadi sanksiyalarla üz-üzə qaldı. Baxmayaraq ki, Kreml müharibədən əvvəl iki günə Kiyevi alacağını deyirdi, reallıq isə tamamilə başqa oldu. Kiyevi ələ keçirməyi bacarmayan rus qoşunları işğal etdikləri bir sıra ərazilərdən də geri çəkilməyə məcbur qaldı. Bu gün artıq Sumı vilayəti ruslardan təmizləndi. İlk günlər itkilərini açıqlamaqdan boyun qaçıran Kreml rəsmiləri artıq Ukrayna müharibəsində ağır itkilərə məruz qaldıqlarını etiraf edirlər. Özü də bu itkilər faciə kimi qiymətləndirilir. Görünən odur ki, 44 gün ərzində istəyinə nail olmayan Rusiyanın qələbə ümidləri puça düşüb.

 

Müharibənin gedişatı barədə Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov Rusiya ordusunun gücdən düşdüyünü bildirib.

“Düşünürəm ki, Rusiya nə qədər tez doğru-düzgün qərar verərsə, bununla şəxsi heyətini xilas etmiş olacaq. Rusiya hələ də inadkarlıq göstərir. Növbəti qurbanlarını döyüş meydanına gətirir. Ukrayna ordusu bu gün elə bir vəziyyətdədir ki, çox rahat şəkildə Rusiya qüvvələrinə qarşı istənilən əməliyyatı həyata keçirir. Bu gün Sumı vilayətinin azad edildiyi bildirildi. Bu, onu sübut edir ki, rus ordusu tam demoralizə olunmuş vəziyyətdədir. Artıq ruslar öz əsgər yoldaşlarının, zabitlərin faciəvi taleyini yaşamamaq, yəni ölümlə baş-başa qalmamaq üçün döyüşməkdən imtina edirlər. Son günlər Rusiya tərəfi xeyli ərazi itirib. Nikolayev vilayətində, o cümlədən Xarkov ətrafında ruslar nəzarəti əldən buraxıb. Bir sözlə, Ukrayna ordusu vəziyyətə tam nəzarət edir”.

 

Ekspertin sözlərinə görə, Ukraynanın aldığı yeni silahlar onlara çox böyük üstünlük qazandırır:

“Peskovun 43 gündən sonra etirafı heç nəyi dəyişmir. İtkilərə görə Putinlə onun komandası cavab verməlidir və cavab verəcək. Onlar düşünürlər ki, guya Rusiya ictimaiyyətini aldatmaqla, yalan deməklə vəziyyətdən çıxacaqlar. Müharibənin ilk günlərində Peskov heç bir itki barədə açıqlama verməyəcəyik, bunu Müdafiə Nazirliyindən soruşun deyirdi. Ancaq dünənki açıqlamasında itkilərdən danışdı. Peskovun verdiyi açıqlama onu göstərir ki, Rusiya Ukrayna qarşısında məğlub olub. Sadəcə özlərinə sığışdırmırlar ki, Rusiya kimi bir dövlət Ukraynanın təcrübəsiz hakimiyyəti önündə belə aciz qala bilər. Türkiyə onsuz da iki həftə bundan öncə eşitdirirdi, bildirirdi ki, müharibəni dayandırmaq lazımdır. Amma Putinin eqosu, “yekəxanalığı” onu bu faciə ilə baş-başa qoydu. Putini, o cümlədən müdafiə naziri Sergey Şoyqunu və digər generalları çox ağır günlər və cəza gözləyir. Buçadakı qətliama görə generallar yaxasını kənara çəkə bilməyəcək”.

Bu məqamda ekspert Rusiyanın Finlandiyaya hücumunu xatırladıb:

“Rusiya 1939-cu ildə Finlandiyanı guya cəzalandırmaq istəyirdi. Amma Finlandiyanın dirəniş göstərməsi sonradan rusları geri çəkilməyə vadar etdi. Ukraynada da eyni ssenaridir. Peskovun indi ciddi itkilərdən bəhs etməsi vəziyyəti açıq göstərir. Bu, Peskovun sözü deyil. Peskov kimdir, Putinin sözçüsüdür. Deməli, Putin bütün dünyaya açıq şəkildə etiraf edir ki, Rusiyanın itkilərinin sayı-hesabı yoxdur. Əgər o, bunu dilə gətirirsə, buna görə qərar verilməlidir. Dünən Amerikanın müdafiə nazir növbəti dəfə Rusiyanı biabır etdi. Biabırçılıq o idi ki, Amerika müdafiə naziri deyir ki, fevraldan zəng edirəm, amma iki aydan çoxdur Şoyqu cavab vermir. Əslinə qalsa, nə cavab verəcəklər?

NATO aktiv şəkildə Ukraynaya ən müasir silahları verir. Hər tanka 10 tank əleyhinə qurğu veriblər. Bundan sonra Rusiyanın istər Donbassda, istər Luqansk istiqamətində atacağı addımların çox ağır cavabı olacaq. Müharibəni belə getişatla maya qədər uzatmaq istəyirlər. Bunlar 9 mayda guya qələbə paradına hazırlıq işləri görürlər. Qələbə paradı ilə onlar daxili auditoriyanı aldatmaq istəyirlər. Guya hansısa millətçilərə qarşı uğur əldə ediblər. Ancaq ruslar Mariupolu da, Xarkovu da itirəcəklər. Ukrayna ordusu onları öz torpaqlarından çıxaracaq. Ukrayna ordusunun əzmi böyükdür. Dünən Ukrayna Prezidenti Volodmir Zelenski dedi ki, biz danışıqlar üçün Rusiyaya yalvaran deyilik. Hərçənd ki, Ukraynada bu qədər dağıntı, ölüm-itim var. Buna baxmayaraq, Ukrayna aktiv şəkildə dirəniş göstərir”.

Hərbi ekspert hesab edir ki, artıq müharibənin taleyi həll olunub, qalib və məğlub tərəf bəllidir:

“Bundan sonra ola bilsin ki, Rusiya paytaxt Kiyevə hücum cəhdi etsin. Ancaq nəsə əldə etmək mümkün deyil. Ukraynaya dron kamikadzelər verilib. Bu dron kamikadzelərin effektivliyi o qədər yüksəkdir ki, birbaşa kontaktda olmadan Ukrayna hərbçiləri Rusiya ordusu ilə savaşa biləcək. Rusiya girdiyi bataqlıqda boğulub qalacaq. Rusiya bu müharibədə o qədər hərbi cinayətlər törədib ki, inanmıram bunun altından çıxsınlar. Ukraynada aparılan müharibə Rusiya xalqı üçün ağır fəsadlarla müşayiət olunacaq. Müharibə eyni zamanda Rusiyanın nüfuzuna, iqtisadiyyatına, siyasətinə, həm də hərbi sisteminə çox böyük zərbələr vurub”.