“Yenilməz rus ordusu mifi darmadağın oldu” - Mixail Jiroxov
“Ukraynada müharibə hələ bitməsə də, rus qoşunlarının Kiyevdən, eləcə də bəzi bölgələrdən sərhədə doğru biabırçı şəkildə qaçması bizə çox ilkin və çox subyektiv nəticələr çıxarmağa imkan verir”.
Bunu AYNA-ya açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun sözlərinə görə, Ukrayna hərbçilərinin Qərb təlimatçılarının rəhbərliyi altında bir neçə ildir tətbiq etdikləri manevr döyüşləri taktikası öz effektivliyinin parlaq təsdiqini alıb: “Bunun özəlliyi ondadır ki, hərbi potensiallardakı böyük fərqi dərk edərək, müasir tank əleyhinə silahlarla silahlanmış mobil qrupların hərəkətlərinə, iri yaşayış məntəqələrinin, ilk növbədə regional mərkəzlərin müdafiəsi ilə düşmən əlaqəsinə xüsusi diqqət yetirilir. Üstəlik, Ukrayna hərbi komandanlığı ilkin mərhələdə Rusiya hərbi-siyasi rəhbərliyinin bütün səhvlərindən çox uğurla istifadə etdi - ruslar müharibə olarsa, Ukrayna əhalisinin Rusiya qoşunlarını gül-çiçəklə, ya da ən azı neytral olaraq qarşılayacağına ürəkdən inanırdı. Ruslar həm də ona inanırdılar ki, Ukrayna ordusu yalnız rus kolonlarının hərəkətə keçməsini eşidən kimi dağılışacaqlar (etiraf etmək lazımdır ki, 2014-cü ilin yayında Donbasda belə olmuşdu) və yalnız "sağ millətçilərin" ayrı-ayrı qrupları müqavimət göstərəcək”.
Ekspertin fikrincə, buna görə də rus kolonlarının avanqardında yalnız alüminium qalxanlı, rezin dəyənəkli OMON və SOBR dəstələri gəlirdi:“Rusiya hərbçilərinin heç biri,istər psixoloji, istərsə də hərbi cəhətdən böyük yaşayış məntəqələrinə hücum etməyə hazır deyildi - sonuncu belə təcrübə Qroznıda 27 il əvvə olub, lakin görünür, indiki orduda sadəcə fiziki olaraq o dövrün işitirakçıları yoxdur. Və üstəgəl həmişə olduğu kimi, Rusiyada ordudan məntiqli analitik materiallar ortaya çıxmadı. Üstəlik, ruslar sürətli hücum əmri olan bir və ya iki uğursuz hücumdan sonra böyük şəhərləri sadəcə olaraq yan keçərək, birbaşa Kiyevə gedirdilər ki, bu da Kremlin yeganə arzuladığı hədəf kimi görünürdü”.
“Nəticədə aprelin 6-a olan vəziyyətə görə, ruslar Xersondan başqa heç bir vilayət mərkəzinə nəzarəti ələ keçirə bilmədilər və bununla da onlar yalnız cənubda dəmir yolu (Rusiya hərbi maşını bu amilə çox bağlıdır) əsasında maddi-texniki təchizatı təşkil edə bildilər. Beləliklə Kiyevə qarşı yönəlmiş həm Belarus, həm də Rusiya Federasiyası ərazisindən gələn bütün nəhəng dəstə avtomobillə təchizat marşrutları dayandırıldı. Hansı ki, yumşaq desək, az inkişaf etmişdi - sovet dövründə bütün avtomobil şəbəkəsi əsasən şərqdən qərbə çəkilir, cənubdan şimala isə köməkçi funksiyası daşıyırdı. Belə yollar həm təxribat qrupları, həm də havadan hücumlar qarşısında çox müdafiəsizdir. Bu, sonda Rusiya mediasında “danışıqlar çərçivəsində sülh təşəbbüsü” kimi təqdim edilən biabırçı qaçışa gətirib çıxardı”, - deyə həmsöhbətimiz bildirib.
Jiroxov rus generallarının ikinci və həll olunmamış vəzifəsinə - hava üstünlüyünün əldə edilməsinə də toxunub: “Müharibənin əvvəlində Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyasının vəziyyəti bütün mütəxəssislər tərəfindən son dərəcə pis hesab edilirdi və işğalın əvvəlində ruslar raket zərbələri ilə HHM vahid şəbəkəsini böyük ölçüdə boğmağı bacardılar. Buna baxmayaraq, hətta müharibədən 40 gündən çox vaxt keçəndən sonra, ən azı müəyyən sayda hava hücumundan müdafiə və təyyarə və helikopterlərinin salamat qaldığı açıq-aydındır. Ümumiyyətlə, bu, Ukrayna zenitçilərinə müvəffəqiyyətlə raket hücumlarını dəf etməsinə imkan verir və Ukraynanın hücum təyyarələri və bombardmançıları vaxtaşırı düşmənə, xüsusən də Donbasda kifayət qədər ciddi ziyan vurur”.
“Bayraktar” pilotsuz təyyarələrinin roluna gəlincə, mütəxəssisin dediyinə görə, Rusiya ordusu fevralın 24-də mövcud olan bütün cihazların öz hesabatlarında artıq məhv edildiyini qeydə almasına baxmayaraq, Ukrayna qismən də olsa, “Bayraktar”ların donanmasını xilas edə bilib: “Ən azı, foto və videolarda məhv olmuş cihazların yalnız üç-dördünün göründüyün müəyyən etmək olar. Elə rəsmi mənbələr tərəfindən ictimaiyyətə təqdim edilən hücumların videolarında “Bayraktar”ların zərbələri olduqca müntəzəm olaraq görünür. Üstəlik havadan və drondan bu və ya digər zərbələr haqqında cəbhədən olan hərbçilər də çox danışırlar. Ukraynadakı müharibədə türk aparatından istifadə taktikasının özünəməxsus xüsusiyyətləri var ki, bunlar nə Suriya müharibəsi, nə də İkinci Qarabağ müharibəsi üçün xarakterikdir. Fakt budur ki, tammiqyaslı hərbi əməliyyatların başlanması zamanı Ukrayna hərbçilərinin son dərəcə məhdud sayda idarə olunan raketləri və pilotsuz təyyarələr üçün bombaları var idi və buna görə də zərbənin hədəfləri yalnız düşmənin hava hücumundan müdafiə sistemləri, eləcə də logistikası idi - mərkəzlər (yanacaq və sursat anbarları kimi). Bildiyimə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin etdiyi kimi, düşmənin canlı qüvvəsinə və ya tək tanklarına zərbələr endirilməyib”.
“Ümumiyyətlə, deyə bilərik ki, Ukraynadakı müharibə, ölkənin böyük insan, texnika və infrastruktur obyektləri itkisinə baxmayaraq, Rusiya üçün ən pis ssenari üzrə inkişaf edir. Yaxın günlərdə və həftələrdə yeni hücumla kəskinləşmə mümkün olsa da, ən son silahlara malik “böyük və yenilməz” rus ordusu haqqında mif artıq tamamilə darmadağın edilib”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.