Dünyanın başı savaşa qarışıb: Çin bu dövlətləri ələ keçirir
Çinin maliyyə resursları tükənməzdir. Pekin bir çox halda ondan borc və kredit istəyənləri boş geri qaytarmır. İlk baxışdan bu, Çindən borc və kredit istəyən dövlətlər üçün cəlbedici görünür, ancaq həmin ölkələr sonrakı proseslərdə ciddi itkilərlə üzləşirlər. Borc qaytarıla bilmədikdə strateji müəssisələr Çinin nəzarətinə keçir.
Demedia.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin analizində yer alıb.
Araşdırmada qeyd edilib ki, 22 milyon əhalisi olan ada dövləti Şri-Lankada vəziyyət ağırlaşıb:
“Hökumət istefaya göndərilib. Küçələrdə etiraz edən insanlar prezidentin də istefasını tələb ediblər. Çünki ölkədə inflyasiya artıb, alıcılıq qabiliyyəti aşağı düşüb, evlərə elektrik verilməsində ciddi problemlər yaranıb. Pandemiya Şri-Lankanın keçmişdə gəlirli olan turizm sekrorunu da çökdürüb. Belə vəziyyətdə Şri-Lanka qonşu ölkələrdən kredit almaq məcburiyyətində qalıb. Hindistan 1 milyard dollar kredit verib. Ancaq bu kredit Şri-Lankanın xarici borclarını ödəməyə kifayət etməyib.
Şri-Lankanın ən böyük borcu Çinədir. Borcun miqdarı 8 milyard dollardır. Pekin illər boyu bu ada dövlətinə müxtəlif kreditlər verib. Hazırda ada dövləti Çinə olan borcunu qaytara bilmir. Ölkənin ümumi borcu isə 81 milyard dollara çatıb. Ölkənin valyuta ehtiyatı cəmi 2 milyard dollardır, təkcə bu il kreditlər üzrə 7 milyard dollar borc qaytarılmalıdır. Çin artıq Şri-Lankaya kömək etmək istəmir. Şri-Lanka rəsmilərinin çinli həmkarlarıyla görüşləri və xahişləri də nəticə verməyib. Şri-Lankanın Çinə borcu qaytara bilməməsi ada dövlətini Pekindən asılı vəziyyətə salacaq. Pekinin məqsədi də elə budur. Çin “Böyük İpək Yolu” layihəsi vasitəsilə müxtəlif dövlətlərə, o cümlədən Şri-Lankaya borc verib, ada dövlətinin limanlarına kreditlər ayrılıb. Şri-Lanka borcu ödəyə bilməsə, strateji limanlar Çinin nəzarətinə keçəcək.
Çin son illərdə bölgənin digər ölkələri - Myanmaya, Malayziyaya və Nepala da kifayət qədər borc verib. Bu ölkələrdə də iqtisadi vəziyyət qənaətbəxş deyil. Ekspertlər bu ölkələrin də Şri-Lanka kimi borc bataqlığına girərək Pekindən asılı vəziyyətə düşəcəyi qənaətindədirlər”.