İlham Əliyev FƏRMAN İMZALADI
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilib.
Demedia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.
Eyni zamanda bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
***
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası
Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 11 aprel tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının (bundan sonra – Fərman) 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin (bundan sonra – mənzillər) satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydasını müəyyən edir.
1.2. Mənzillərin satışını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) həyata keçirir.
1.3. Fərmanın 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla, satışına yol verilən mənzillərin sayını Nazirlik müəyyən edir və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirməklə ictimaiyyətə açıqlayır.
2. Mənzillərin satışı qaydası
2.1. Satışa çıxarılan mənzillər üzərində dövlətin mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
2.2. Mənzillərin bazar dəyərini Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edir.
2.3. Satış elanı verildiyi tarixdən 1 (bir) il müddətində satılmayan mənzillər bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yenidən qiymətləndirilir.
2.4. Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçirilir.
2.5. Mənzillərin onlayn qaydada satışı zamanı Nazirliyin rəsmi internet saytı vasitəsilə aşağıdakılar təmin edilir:
2.5.1. mənzilləri əldə etmək niyyətində olan hüquqi və fiziki şəxslərin (bundan sonra – şəxslər) real vaxt rejimində Vahid Giriş Sistemindən (“ASAN Login”) istifadə etməklə qeydiyyatı və onlar üçün elektron kabinetin yaradılması;
2.5.2. bu Qaydanın 2.5.1-ci yarımbəndinə əsasən yaradılmış elektron kabinetdə mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və şəxslərə satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması;
2.5.3. mənzil seçiminin həyata keçirilməsi.
2.6. Mənzillərin satışına hazırlıq məqsədilə Nazirlik aşağıdakı tədbirləri görür:
2.6.1. mənzillərə dair məlumatları (mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı, mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, mənzilin ümumi sahəsi (yaşayış və yardımçı sahələr ayrılıqda göstərilməklə), mənzildəki otaqların sayı, mənzilin təmir vəziyyəti və təmirin aparıldığı vaxt) hazırlayır;
2.6.2. bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, mənzillərin hər kvadratmetrinə görə satış qiymətinin müəyyən edilməsini təşkil edir;
2.6.3. mediada və rəsmi internet saytında satış elanı verir.
2.7. Satış elanı satışın başlanması tarixinə azı 15 (on beş) gün qalmış verilməlidir.
2.8. Satış elanında aşağıdakı məlumatlar göstərilməlidir:
2.8.1. mənzillərin satışının başlanması tarixi, saatı və satışın həyata keçirildiyi müddət haqqında məlumat;
2.8.2. bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunan məlumatlar;
2.8.3. mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış haqqında məlumat.
2.9. Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili seçmiş şəxsin elektron kabinetində mənzilin seçilmə vaxtı, seçilmiş mənzili digər şəxslərin seçmək imkanının məhdudlaşdırılması, eləcə də mənzilin seçildiyi vaxtdan etibarən 10 (on) gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdirilir.
2.10. Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil seçmək hüququ vardır.
2.11. Bu Qaydanın 2.8.1-ci yarımbəndinə uyğun olaraq müəyyən edilmiş müddət başa çatdıqda mənzillərin seçilməsi dayandırılır.
2.12. Bu Qaydanın 2.9-cu bəndinə uyğun olaraq seçilməsi imkanı məhdudlaşdırılmış mənzil bu Qaydanın 2.8.1-ci yarımbəndində müəyyən edilmiş müddətdə həmin elan çərçivəsində əlavə iki şəxs tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bu zaman onların hər birinin elektron kabinetinə, gözləmə ardıcıllığı göstərilməklə, bu barədə müvafiq bildiriş göndərilir.
2.13. Mənzil seçiminin nəticələrinin bu Qaydanın 2.15-ci bəndinə əsasən ləğv edilməsi barədə mənzili seçmiş şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə, gözləmə qaydasında həmin mənzili seçmiş şəxslərin gözləmə ardıcıllığına uyğun olaraq mənzili almaq hüququ yaranır və bu barədə mənzili seçmiş şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirilir.
2.14. Mənzili seçən şəxslə Nazirlik arasında mənzilin seçimi başa çatdıqdan sonra 10 (on) gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılır. Eyni şəxs tərəfindən bir neçə mənzil seçildiyi halda hər bir mənzilə dair alqı-satqı müqaviləsi ayrılıqda bağlanılır.
2.15. Mənzili seçmiş şəxs alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bu Qaydanın 2.14-cü bəndində nəzərdə tutulan müddət ərzində gəlmədikdə və ya mənzilin dəyərini tam ödəmədikdə, yaxud mənzili almaqdan imtina etdikdə, həmin şəxsin həyata keçirdiyi mənzil seçimi ləğv edilir, bu barədə həmin şəxsin elektron kabinetində bildiriş yerləşdirilir. Belə halda bu Qaydanın 2.12-ci və 2.13-ci bəndləri nəzərə alınmaqla, mənzilin üzərinə bu Qaydanın 2.9-cu bəndinə uyğun olaraq qoyulmuş məhdudiyyət götürülür və həmin mənzil növbəti satış elanına daxil edilməklə yenidən satışa çıxarılır.
2.16. Mənzilllərin hərrac vasitəsilə satışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
3. Mənzillərin satışından əldə olunan vəsaitdən istifadə qaydası
3.1. Mənzillərin satışından əldə olunan vəsait Nazirliyin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürülür.
3.2. Mənzillərin satışından əldə olunan vəsaitdən Fərmanın 3.2.1–3.2.3-cü yarımbəndlərində nəzərdə tutulan şəxslər üçün mənzillərin alınması, fərdi evlərin tikintisi, o cümlədən layihə-smeta sənədlərinin hazırlanması və ekspertizasının aparılması, xarici kommunikasiyalara qoşulması, satışa çıxarılan mənzillərin qiymətləndirilməsi, satışın rəsmiləşdirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun təsdiq edilən gəlir və xərclər smetası əsasında istifadə edilir.
3.3. Mənzillərin satışından əldə olunan vəsait üzrə gəlir və xərclər smetası, bu Qaydanın 3.4-cü bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnaməyə uyğun olaraq təsdiq olunur.
3.4. İlin sonuna Nazirliyin xüsusi hesabında qalan xərclənməmiş vəsaitdən növbəti ildə bu Qaydanın 3.2-ci bəndində göstərilən xərclərinin maliyyələşdirilməsi üçün bu Qaydaya uyğun olaraq istifadə edilir.