Ordumuz Ağdərə istiqamətində hakim yüksəklikləri NƏZARƏTƏ GÖTÜRÜB - Hərbi ekspert



 22:43 11.04.2022     1432

“Caliber”in “Youtube” kanalında yayımlanan növbəti materialında Azərbaycan Ordusunun Ağdərə yüksəklikləri istiqamətində irəlilədiyi qeyd olunur. Nəşrin yazdığına görə, Ermənistan tərəfi Fərruxda itirilmiş mövqelərlə bağlı fəryad qopardığı bir vaxtda Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşğuldur.

Maraqlıdır, erməniləri təşvişə salan nədir? Ağdərədə mövqelərimizin möhkəmlənməsi nədən xəbər verir?

Demedia.az xəbər verir ki, mövzu ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Ordusu ona verilən tapşırığı yerinə yetirir:

“Təsdiq olunmuş plan əsasında Silahlı Qüvvələrimiz Azərbaycanın mövqelərini möhkəmləndirir. Azərbaycan xüsusi döyüş əməliyyatı keçirmir. Rusiya sülhməramlı qüvvələri öz üzərinə düşən işlərlə məşğul olmaq əvəzinə Azərbaycan Ordusunun gördüyü işə mane olmağa çalışır. Bu bir qədər də davam edərsə, ordumuz lazımi addımlar atacaq. Rusiyaya 2020-ci ilin 10 noyabr bəyanatının müddəalarının yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. Ağdərə istiqamətində hakim yüksəkliklərin nəzarətə götürülməsində əsas məqsəd lazım olacağı təqdirdə hərbi məqsədlər üçün istifadə etməkdir”.

Ekspertin fikrincə, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumatlar da həqiqəti əks etdirmir:

“Azərbaycan Ordusu səsgücləndiricilər vasitəsilə orada olan vətəndaşlara bəzi məsələləri izah edib. Onlar ya Azərbaycan qanunları çərçivəsində yaşayacaq, ya da silahlarını təhvil verərək ərazilərimizi tərk edəcək. Biz onları bu seçimlərə vadar edəcəyik. Orada hər hansı gizli və ya qeyri-qanuni iş yoxdur və ola da bilməz. Azərbaycanın gördüyü işlər tam leqaldır. Lakin buna baxmayaraq, ermənilər arasında ajiotaj yaranıb. Fərrux yüksəkliyi alınan zaman da eyni mənzərə yaranmışdı. Sülhməramlıların Azərbaycan kəndi ərazisində Rusiya bayrağının sancması və postların sayının artırması ilə bağlı onlara xəbərdarlıq etmişik. Bu xəbərdarlıqlardan sonra həmin postlar yığışdırıldı. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumatlar da həqiqəti əks etdirmir. Guya ki, rus ordusu bizim hərbçilərimizi sıxışdırıb çıxarıb. Əslində belə bir şey yoxdur. Ordumuz öz üzərinə düşən işi layiqincə yerinə yetirir”. / Konkret.az