Ağdərədə irəliləyən Azərbaycan ordusunun ƏSAS HƏDƏFİ
“Ermənilər həmişə ara qatmağı seviblər. Onlar iddia edirlər ki, Azərbaycan erməniləri “etnik təmizləmə”yə məruz qoyurlar. Buna bişmiş toyuğun da gülməyi gələr. 1990-cı illərdə ruslarla birlikdə Azərbaycan ərazilərini işğal edərkən, bir milyondan artıq insanı etnik təmizləməyə kim məruz qoydu? Əlbəttə, ermənilər və ruslar. Mən hələ 1905-07, 1918-1920-ci illərə getmirəm. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ən ağır illəridir. Dəqiq faktlar əsasında sübut edilib ki, bu dövrdə Qars, Ərdahan, İğdır, Maku, Mərənd, Urmiya, Qərbi Azərbaycan (indiki Ermənistan) və Şimali Azərbaycanın Neftçaladan tutmuş, Qubayadək böyük ərazisində ermənilər və ruslar tərəfindən iki milyondan çox azərbaycanlı soyqırımına məruz qalıb. Amma bu biz bu soyqırımı faktlarını dünya miqyasında tanıda bilməmişik”.
Politoloq Qabil Hüseynlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Son günlər Qarabağda müəyyən xəbərlər gəlir, rus sülhməramlıları və ermənilərin təxribatlara əl atması haqda məlumatlar dolaşır. Üstəgəl, Azərbaycan ordusunun bu təxribatlara cavab olaraq Ağdərədə irəlilədiyi bildirilir. Sizcə, nə baş verir və hadisələrin davamını necə proqnozlaşdırırsınız?
- Qənaətimə görə, bu təxribatlar gözlənilən idi. Avropa Birliyinin sülhyaratma prosesinə əl atması və az qala prosesi əlinə alması Rusiya tərəfindən qısqanclıqla qarşılandı. Üstəgəl, Rusiya Xarici İşlər naziri Sergey Lavrov çox uğursuz və qızışdırıcı bəyanat verdi. O, bəyanatında bildirdi ki, “Biz Dağlıq Qarabağın kimlərinsə əlinə keçməsinə imkan vermərik”.
Lavrov elə danışır ki, sanki Qarabağ onun “ata-baba torpağı”dır.
Bəli, Azərbaycan qoşunları təxribatların baş verdiyi Ağdərə istiqamətində fəaldır və bu cür təxribatlara yerindəcə cavab verirlər. Xüsusilə Sərsəng su anbarı istiqamətində fəallığımızı artırmalıyıq. Sərsəng su anbarı Suqovuşandan sonra Azərbaycanın nəzarət etmək hüququ olan ən mühüm strateji obyektlərindən biridir. Burada da müəyyən mövqe mübarizəsi gedir. Rusiya sülhməramlıları isə prosesə müdaxilə etməyə çalışırlar. Yəni Azərbaycan ordusunun irəliləməsinin və Sərsəng su anbarına tamamilə nəzarəti bərpa etməsinin qarşısını almaq üçün müxtəlif təxribatlara əl atmağa cəhdlər göstərirlər. Amma hələ ki, vəziyyət qarşıdurma səviyyəsində deyil. Bununla belə, vəziyyətin bu həddə çatması üçün Lavrovun dedikləri də bəs edərdi.
Görünür, Rusiya Ukraynada başına gələnlərdən ibrət dərsi götürmür. Bir ayağı Ukraynada olan Rusiya digər yandan Dnestryanı və digər bölgələri qarışdırmağa çalışır. Bu fonda Qarabağda da təxribatlara əl atır. Zənnimcə, Azərbaycan nə etdiyini və necə edəcəyini yaxşı bilir. Üstəgəl, Türkiyə ilə müttəfiqlik və atılan addımların koordinasiya edilməsi amilini də unutmamalıyıq.
Hesab edirəm ki, Rusiya Ukraynada etdiyi özbaşınalığı burada edə bilməyəcək. İlk növbədə, bunun üçün potensialı yoxdur, ikincisi də, Azərbaycanın hərbi gücü də kifayət qədərdir. Azərbaycan antiterror fəaliyyəti həyata keçirir. Ağdərə həm böyük dağ massivləri, həm də Qarabağın zəngin su ehtiyatlarının cəmləşdiyi bir ərazidir. Azərbaycan Tərtər rayonunun bu su ehtiyatlarına nəzarəti bərpa etmədən bu ərazilərdə öz suverenliyini bərpa edə bilməyəcək. Bu baxımdan, Azərbaycanın atdığı addımları təqdir edirəm. Bunlar düzgün addımlardır.
Hesab edirəm ki, yaxın müddətdə Sərsəng su anbarı nəzarətə götürülməlidir. Sərsəng su anbarına nəzarətin təmin edilməsi, Ağdərənin mərkəzinə nəzarətin bərpa olunması demək olacaq. Oradan da Xocalı rayonu və Şuşanın kəndləri istiqamətində yol açılacaq. Bu prosesin nə qədər davam edəcəyini deyə bilmərəm, amma bunun Sərsəng su anbarı və Ağdərənin mərkəzinə nəzarətin bərpa olunmasınadək davam edəcəyini düşünürəm.
- Ukraynada uğursuzluğa düçar olan Rusiya yeni cəbhəni Azərbaycanda – Qarabağda aça bilərmi? Bu da son günlərdə irəli sürülən ehtimallar arasındadır.
- Görünür, Rusiyanın planında belə bir şey varmış. Qənaətimə görə, ən azı Ukraynaya hücum etməzdən əvvəl Azərbaycana hücum planları ilə bağlı sərsəm bəyanatlar səsləndirilirdi. Güman etmirəm ki, Rusiya belə bir ağılsızlığa imza atacaq. Çünki Rusiya daha o Rusiya deyil. Öz hərbi potensialının 40 faizdən çoxunu Ukraynada itirən, buna baxmayaraq, Donbasda yeni silahlı qarşıdurmaya hazırlaşan Rusiya Azərbaycana qarşı cəbhə açarsa, bu, onun üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Üstəgəl, belə bir durumda Türkiyə bu prosesin içində olacaq. Zənnimcə, Türkiyənin prosesə qoşulması Rusiyanın tamamilə süqutuna gətirib çıxara bilər.
- Lavrovun ATƏT-in Minsk qrupu ilə bağlı son bəyanatı da diqqət çəkdi. Lavrov bildirdi ki, ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər. Üstəgəl, o, Fransa və ABŞ-ın erməni tərəfinin maraqlarını qurban verdiklərini dedi. Lavrovun bu vurğusunun izahı necə ola bilər?
- Bu adam hələ başa düşmür ki, Qərb bir çox beynəlxalq təşkilatlar miqyasında Rusiya ilə əməkdaşlıqdan imtina edib. Siz BMT-nin İnsan Haqları Şurasından çıxarıldınız, G-8-dən çıxarıldınız, Avropa Şurasından çıxarıldınız. İndi də G-20-nin sırasından qovulacağını gözləyirsiniz. Bəli, Amerika sizinlə dünya və regionun taleyinə təsir edə biləcək məsələlərin həllində əməkdaşlıq etmək istəmir. Çünki siz dağıdıcı dövlətə və dünyanı qanda çalxalayan çevrilmisiniz. Belə olan halda, siz Minsk qrupunun nəyində iştirak edəcəksiniz?
Digər yandan, heç Minsk qrupunun görə biləcəyi iş də qalmayıb. İkincisi, Fransa və ABŞ-ın bu format çərçivəsində Rusiya ilə əməkdaşlıq etməsi, ona can-qan vermək demək olardı. Üstəgəl, burada ermənilərə hansı “xəyanət”dən gedə bilər? Üstəgəl, Avropa Birliyi sülhyaratma prosesində vasitəçilik səylərini tamamilə öz əlinə alır və bu prosesdə fəal siyasət aparır. Buna görə də, Rusiyanın iddialarının heç bir əsası yoxdur.
- Nikol Paşinyan Brüsseldən qayıdar-qayıtmaz Ermənistan Xarici İşlər Nazirliyi ard-arda bir-birinə zidd açıqlamalar verməyə başlayıb. Bəs bunu necə başa düşək: bu ziddiyyətli açıqlamalar kimin diktəsi ilə səsləndirilir?
- Ermənilər həmişə ara qatmağı seviblər. Onlar iddia edirlər ki, Azərbaycan erməniləri “etnik təmizləmə”yə məruz qoyurlar. Buna bişmiş toyuğun da gülməyi gələr. 1990-cı illərdə ruslarla birlikdə Azərbaycan ərazilərini işğal edərkən, bir milyondan artıq insanı etnik təmizləməyə kim məruz qoydu? Əlbəttə, ermənilər və ruslar. Mən hələ 1905-07, 1918-1920-ci illərə getmirəm. 1918-1920 azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin ən ağır illəridir. Dəqiq faktlar əsasında sübut edilib ki, bu dövrdə Qars, Ərdahan, İğdır, Maku, Mərənd, Urmiya, Qərbi Azərbaycan (indiki Ermənistan) və Şimali Azərbaycanın Neftçaladan tutmuş, Qubayadək böyük ərazisində ermənilər və ruslar tərəfindən iki milyondan çox azərbaycanlı soyqırımına məruz qalıb. Amma bu biz bu soyqırımı faktlarını dünya miqyasında tanıda bilməmişik.
Ermənilər 400 min ermənidən 1.5 milyon erməninin qırılması haqda qondarma bir mif düzəldib, bunu dünyaya yayır. Zənnimcə, bundan sonra iki milyondan çox azərbaycanlının soyqırımına məruz qalması faktının dünyanın diqqətinə çatdırılması üçün çox ciddi şəkildə işləməliyik. İndiyədək bir erməninin də burnunu qanatmamışıq, bir erməniyə qanundankənar davranmamışıq. Amma onlar “ermənilərə qarşı etnik təmizləmə”dən söz açırlar. Bu hoqqabazlıq və Azərbaycan xalqına böhtan atmaqdır.
Ermənilər bu məsələləri daha çox rusların ötürmələri ilə hallandırırlar. Ermənilərin bu cəfəng iddialarının qarşısına daha ciddi faktlar və arqumentlərlə çıxmalıyıq. Həmin faktlar əlimizdədir. 1990-cı illərdə baş vermiş Meşəli, Ağdaban, Bağanıs Ayrım və Xocalı soyqırımılarını da üstünə gələndə, bu faktlar daha da böyüyür. İndi ermənilər öz adlarını bizə qoymaq istəyirlər, amma bu alınmayacaq.