Azərbaycan XİN: İtaliyanın yürütdüyü siyasət başda Fransa və bəzi Avropa ölkələrinə nümunə olmalıdır



 16:14 04.04.2024     226

İtaliyanın yürütdüyü siyasət başda Fransa və bəzi Avropa ölkələrinə nümunə olmalıdır.

Demedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin bölgədəki vəziyyət ilə bağlı açıqlamasına dair yerli medianın sualına cavabında deyib.

O bildirib ki, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdiyi açıqlama ilk növbədə beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir:

"Bu, eyni zamanda ölkələrin daxili işlərinə müdaxilənin və Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşmadan çəkinilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir".

A.Hacızadə vurğulayıb ki, İtaliya tərəfinin həm münaqişə, həm də post-münaqişə dövründə bölgə üzrə sərgilədiyi siyasət və yanaşma daim balanslı olub.

"Bu ölkə tərəfindən beynəlxalq hüququn pozuntularını gözardına alan siyasətdən qaçınılması bir daha İtaliya tərəfinin məsələdən daim agah olduğunu göstərib və Fransa kimi ölkələrin yürütdüyü destruktiv siyasətin nə dərəcədə əsassız və nəticəsiz olduğunu sübut edib. Hesab edirik ki, İtaliya tərəfindən yürüdülən bu siyasət başda Fransa olmaqla, bəzi Avropa ölkələrinə nümunə olmalıdır", - XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, aprelin 3-də İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneə törədən addımlardan çəkinməyə çağırış edilib. Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi qismində məsuliyyətli davranış sərgiləyir və bununla əlaqədar Fransa xarici işlər nazirinin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı verdiyi bəyanatlar prosesə mənfi təsir göstərir.