Bakıda tramvay xətti bu küçələrdən keçəcək - ÜNVANLAR



 16:30 16.04.2024     328

"Təəəssüf ki, təsdiqindən dörd ay keçsə də, baş planda göstərilən layihələrin icrasına dair hər hansı bir "time-plan" ictimaiyyətə açıq şəkildə bildirilməyib".

Bu sözləri BAKU.WS-ə açıqlamasında bloqer-urbanist Anar Əliyev deyib.

Onun sözlərinə görə, Baş planın əsas sənədində Heydər Əliyev Mərkəzinin və Ağa Neymatulla küçəsinin ətrafında pilot layihənin icrası nəzərdə tutulur, lakin icraçı qurumlardan rəsmi məlumat yoxdur:

"Baş planda tramvay və ya metrobus xətlərinin yaradılması qeyd olunur. Bu nəqliyyat növlərinin yaradılması məqsəd olaraq sənəddə qeyd olunur, lakin hansı dəqiq olacaq – relsli klassik tramvay və yaxud BRT (Bus Rapid Transit – ayrılmış zolaqla sürətlə hərəkət edən avtobus) – bu qeyd olunmur.

Nəqliyyata cavabdeh olan aidiyyatı qurumlar (Yerüstü Nəqliyyat Agentliyi və "Azərbaycan Dəmir Yolları" QSC) tramvayın dəqiq salıb-salınmasına dair planlar açıqlamır. Baş planda Azadlıq prospekti, Neftçilər prospekti, Füzuli küçəsində həmin BRT və yaxud tramvay xətlərinin çəkilməsi öz əksini tapır. Bu məqsədəuyğun ola bilər, həmçinin Qara Qarayev prospektdə məqsədəuyğun olardı".

Ekspert metro xətlərinin inkişaf planı barədə isə bunları bildirib:

"İlk növbədə dairəvi xətt layihəsi bitirilməlidir (Həzi Aslanov və Xətai stansiya birləşməlidir), Həmçini "Koroğlu" və "Dərnəgül" stansiyalar arasında 3 stansiya tikilməlidir. Bunun üçün təxmini 3 milyard manat vəsaitə ehtiyac var.

Bir daha qeyd etmək istəyirəm ki, baş planın təsdiqindən 4 aya yaxın vaxt keçsə də, onun icra planı heç bir dövlət qurumu tərəfindən indiyə qədər ictimaiyyətə açıqlanmayıb".