Yağ yoxlamasında qaranlıq məqam: 3 manatlıq da təhlükəli deyil?



 09:27 19.04.2024     398

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb

“Bu günədək ölkədə istehsal olunan, eləcə də idxal olunan bitki yağlarında, o cümlədən palma yağında aparılan müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 18-də parlamentin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların heç birində palma yağının özünəməxsus hər hansı təhlükəsi ilə bağlı məlumat dərc edilməyib.

Qoşqar Təhməzli xatırladıb ki, palma yağı həm qida, həm də qeyri-qida sənayesində geniş istifadə olunan xammaldır: 

"Digər bitkilərlə müqayisədə yüksək məhsuldarlığa malik olduğundan və maliyyə baxımından ucuz başa gəldiyindən qida sənayesində geniş istifadə olunur. Palma yağını digər bitki yağlarından fərqləndirən başlıca səbəb bir bitkidən iki fərqli yağın əldə edilməsidir.

Bunlardan biri palma meyvəsinin lətli hissəsindən əldə edilən, digəri isə palma meyvəsinin çəyirdəyindən əldə edilən yağdır. Hər iki yağ qida sənayesində istifadə olunur, lakin palma meyvəsindən əldə olunan yağ tərkib xüsusiyyətlərinə və daha yüksək sabitliyə malik olduğundan qızardılma/bişirilmə üçün yararlı hesab edildiyindən daha geniş istifadə olunur".

Maraqlıdır, Qoşqar Təhməzlinin dedikləri nə dərəcədə doğrudur? Bu gün marketlərdə 3 manata satılan yağlar necə təhlükəli olmaya bilər?

Mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Cebhe.info”-ya bildirib ki, xüsusən, nehrə yağı “nənəmin yağı” adı altında satılan yağlar təbii yağlar deyil:

“Mən dəfələrlə bəyan etmişəm ki, bazarlarda nehrə yağı adı altında satılan və guya süddən hazırlanmış digər yağlar (çiyə - çiy süddən hazırlanır) təbii yağlar deyil. Bu gün bazarlarda satılan yağlar beynəlxalq standartlara cavab vermir. Eləcə də insan sağlamlığı üçün təhlükəlidir. Bildirim ki, marketlərdə bitki yağları alarkən ehtiyatlı olun. Çünki bitki yağlarının üzərində palma yağının olmadığı yazılmır. Buna görə də, yağlarla bağlı yenidən manitorinq keçirilməlidir”.

Ekspert qeyd edib ki, ölkəmizdə müstəqil laboratoriyalar çox məhdud saydadır:

“Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin labarotoriyaları istehlakçıların mallarını çox baha qiymətə test edir. Verdikləri cavablar isə istehlakçıları qane etmir. Çünki yağın süd turşuları barədə qısaca məlumat verilir. Daha ətraflı məlumat verilmir ki, bu yağ palma, yoxsa təbii kərə yağıdır”.