MDB-də vəziyyət gərgindir: Rusiya müharibə xəbərdarlığı etdi



 10:20 24.05.2024     215

ABŞ, Britaniya və digər NATO ölkələri “hibrid” müharibənin bütün arsenalından istifadə edir və bununla da Müstəqil Dövlətlər Birliyində (MDB) və bütövlükdə bütün dünyada vəziyyəti gərginləşdirir.

Demedia.az  xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik İdarəsinin direktoru Aleksandr Bortnikov bildirib.

“Hazırda birlik məkanında və bütövlükdə dünyada vəziyyət gərgin olaraq qalır. Birləşmiş Ştatlar, Britaniya və onların NATO üzrə müttəfiqləri qlobal üstünlüyünü qorumaq üçün bütün “hibrid” müharibə arsenalından suveren dövlətlərə qarşı istifadə edirlər”, - deyə o, qeyd edib.

Bortnikov əlavə edib ki, MDB ölkələrinin kritik informasiya infrastrukturuna qarşı NATO-nun hücum kiber əməliyyatlarının intensivliyi xeyli artıb. Onun sözlərinə görə, buna nail olmaq üçün Qərbin kəşfiyyat xidmətləri və haker icmaları transmilli İT korporasiyaların infrastrukturundan geniş istifadə edirlər.

Onun sözlərinə görə, bu yolla Qərb elitasının nümayəndələri MDB ölkələrində “rəngli inqilablar”a şərait yaratmağa və hakimiyyəti ələ keçirmək üçün “mühacirətdə olan hökumətlər” formalaşdırmağa çalışırlar.