Məscidlərdə bayram namazı hansı saatda qılınacaq?



 14:22 11.06.2024     252

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bayram namazının iyunun 16-da qılınacağı qeyd olunub.

Demedia.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı bir neçə məscidlə əlaqə saxlayaraq, bayram namazının saat neçədə qılınacağı ilə maraqlanıb.

Əjdərbəy məscidindən (Göy məscid) saytımıza verilən məlumata görə, Qurban bayramının namazı 8:00-da qılınacaq:

"Bəzən məscidə gələnlərin sayı çox olur. İki dəfə qılınır. Yer olmasa, iki dəfə qılınacaq. Amma 8:00-da başlayacaq".

Heydər məscidindən isə Oxu.Az-a bildirilib ki, bayram namazı saat 7:30-da qılınacaq:

"Bir qədər tez qılınacaq ki, insanlar daha sonra gedib, rahatlıqla qurbanlarını kəsə bilsinlər. Adətən, Ramazan bayramında məsciddə adam daha çox olur, ona görə də Qurban bayramında bayram namazı bir dəfə qılınır. Yer olmasa, təbii ki, ikinci dəfə qılına bilər".