Səməd Seyidov AŞPA-da Əhməd Yıldızla görüşdü
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumdakı Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov ilə Əhməd Yıldız arasında görüş olub.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, görüşdə ölkələrimizin nümayəndə heyətlərinin Avropa Şurası yanında əlaqələndirilmiş fəaliyyətinin təşkili müzakirə olunub.
Bildirilib ki, Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq Avropa Şurasında bir-birini həmişə dəstəkləyib, ümumi dəyərlərə üstünlük verib.
Qurumda Azərbaycan və Türkiyəyə qarşı təhdidlər, eləcə də milli maraqlar ilə bağlı məsələlərin reallaşması istiqamətində konkret tədbirlər, planlar və fikirlər müzakirə edilib. Gələcək fəaliyyətdə koordinasiyanın daha da təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qurum çərçivəsində bu Qələbəyə hər hansı bir təhdid, təxribatçı addımlar olduğu təqdirdə onun qarşısını almaq üçün birgə fəaliyyətin təşkili müzakirə edilib və bunun vacibliyi bildirilib.