AZAL ona ayrılan bir milyardı məhv etdi



 16:21 22.04.2022     396

AZAL-ın 2021-ci il hesabatları hələ dərc olunmayıb. Əvvəlki illərə istinad etsək, hökumətin 2020-ci ilin sonu üçün AZAL-a ayırdığı vəsaitin cəmi 984.156 manatdır. AZAL nəinki vəsaiti artırıb, əksinə, 2020-ci ilin sonunda 1 milyard 763 min 916 manat ziyan etməklə kapitalı tam məhv edib.

Demedi.az xəbər verir ki, bu sözləri Axar.az-a iqtisadçı Xalid Kərimli Hesablama Palatasının Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətində ciddi yoxlamalar başlatması barədə danışarkən deyib.

O bildirib ki, hazırda AZAL fəaliyyətini borclarla, kreditlərlə maliyyələşdirir:

“2018-ci ildə AZAL-ın illik mənfəət zərəri 151 milyon olmuşdu. 2019-cu ildə isə şirkətin illik zərəri 79 milyona enmişdi. 2020-ci il pandemiya ilə əlaqədar uçuşlar kifayət qədər olmadı. Bunu 2021-ci ilə də şamil etmək olar. Tam maliyyə analizini 2018-2019-cu il əsasında etmək lazımdır”.

X.Kərimli qeyd edib ki, AZAL hökumətin aldığı təyyaralər və qoyduğu investisiyaların amortizasiyasını qarşılaya bilmir:

“Bütün əsas vəsaitlərin amortizasiyası ziyana gedir. Sadəcə öz fəaliyyəti üçün zəruri olan əmək haqqı və digər xərcləri qarşılaya bilir. Digər bütün xərclər, investisiyalar dövlət büdcəsi hesabına həyata keçirilir. Bunun səbəbləri cəmiyyətdə geniş danışılır. AZAL-ın yaxşı idarəetmə ənənəsinin olmaması, korporativ idarəetmə sisteminə təhkim olunmaması həm gəlirlərinin yayındırılmasına gətirib çıxarır, həm də xərclərin şişirdilməsinə səbəb olur. Əsas arqumentlər bunlardır”.

İqtisadçı deyib ki, AZAL-ın monopolist olması, süni şəkildə bazara yeni oyunçuların girməsinin qarşısını alması, fəaliyyətini rəqabət şərtləri əsasında qurmaması əhali üçün də, dövlət üçün də ziyandır:

“Bu, şirkətin öz resurslarını səmərəli istifadə etməməsinə gətirib çıxarır, həm də əhalini daha baha təyyarə biletləri almağa məcbu edir. AZAL-ın həm aeraportların, həm hava uçuşlarının sahibi olması ona əlavə inhisarçı üstünlüyü gətirir. Lakin buna baxmayaraq, şirkət ziyanla işləyir”.