Əsgərimiz müraciət etdi, Komitə dərhal hərəkətə keçdi
Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə vəfat edən əsgər anasının cənazəsini Vətənə gətirir.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı qeyd edib.
“Cəbhə xəttində yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə anasının müvəqqəti yaşadığı Türkiyənin Balıkəsir şəhərində dünyasını dəyişdiyini bildirib və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Azərbaycan Ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Afaq Yaqub qızı Hacıyevanın nəşinin ölkəmizə gətirilməsi üçün bütün addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir”, - o bildirib.
Qeyd edək ki, Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən qonşu ölkədə müvəqqəti yaşayırmış.