Avropanın DİQQƏTİ BAKIDADIR: Rusiyanın üstündən xətt çəkən Qərb Azərbaycana üz tutdu - MÜHÜM SAZİŞ

 19:52 18.07.2022     176

“Trthaber” Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycana səfəri barədə məqalə dərc edib.

Demedia.az xəbər verir ki, məqalədə bildirilir ki, Ursula von der Lyayenin səfərinin məqsədi Azərbaycandan Avropaya qaz nəqlini artırmağın yollarını müzakirə etməkdir. Müəllifin sözlərinə görə, Avropa Birliyi Azərbaycandan təbii qaz ixracını artırmaqla Rusiyadan asılılığı önəmli miqdarda azalda bilər. Bildirilir ki, TAP vasitəsilə ildə 10 milyard kub metr təbii qaz ixrac edilir. Lakin texniki imkanlar bu göstəricini 20 milyard kub metrə qədər artırmağa imkan verir. Məlumata görə, Avropa Birliyi TANAP-ın ixrac qabiliyyətini də artırmaq niyyətindədir. TANAP-ın tutumunun 16 milyard kub metrdən 24-ə, ardınca isə 31 milyard kub metrə çatdırılması nəzərdə tutulur. Lakin bunun üçün bir sıra işlərə və azı 5 ilə ehtiyac var.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen Azərbaycan səfəri barədə "Twitter" platformasında yazıb.

“Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir. Bu gün mən Azərbaycanda yeni saziş imzalamaq üçün gəlmişəm. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaş olacaq”, - o, paylaşımda bildirib.