Politoloq: "İran ali rəhbərinin Zəngəzur dəhlizi ilə bağlı fikirləri cəfəngiyyatdır"
“İranın ali rəhbəri Əli Xameneinin səsləndirdiyi fikirlər tam əsassızdır. Bu bir ittihamdır. Əli Xameneinin bəyanatından elə çıxır ki, Azərbaycan Ermənistanla İran arasındakı sərhədin önünü kəsmək niyyətindədir. Azərbaycandan kim İranla Ermənistan arasındakı sərhədin bağlanması barədə çıxış edib? Bu, cəfəngiyyatdır. Zəngəzur dəhlizinin reallaşdırılması heç də İranla Ermənistan sərhədinin bağlanması demək deyil”.
Demedi.az xəbər verir ki bunu Report-a politoloq İlqar Vəlizadə bildirib.
Onun fikrincə, bununla belə İran Zəngəzur dəhlizinin qarşısını alan əsas ölkə deyil: “Mən bu yanaşmanı dəstəkləməzdim. Ümumiyyətlə İran rəsmisinin bu cür bəyanatla çıxış etməsi boş bir ittihamdır. İranda bəzi dairələr prosesləri qavramırlar. Çünki Azərbaycan digər ölkələrlə birlikdə irimiqyaslı layihələr həyata keçirir. İşğaldan azad olunan ərazilərdə yeni infrastrukturun yaradılması İranda kimisə narahat edir. Başa düşmürlər ki, yeni infrastrukturun yaradılması İranın da xeyrinədir. Çünki İran illərdir Cənubi Qafqaz ölkələri, xüsusilə Ermənistanla normal nəqliyyat əlaqəsi yarada bilməyib. Vaxtilə xüsusilə Culfada dəmiryolu işləyirdi ki, bu birbaşa İranla Ermənistanı birləşdirən kommunikasiya xətti idi”.
Siyasi şərhçi deyib ki, hazırda həmin kommunikasiyalar bərpa olunur: “Bundan digər iştirakçıların da istifadə etmək haqqı var. Bu, Türkiyədir, Mərkəzi Asiya ölkələridir və s. Bu Azərbaycanla yanaşı onların da nüfuzunu artırır. Ermənistanı isə daha da arxa plana atır”.
Politoloqun sözlərinə görə, ümumiyyətlə kimlərsə Azərbaycanla İran arasında destruktiv proseslərin yaranmasında maraqlıdır və Ə.Xameneiyə yalnış məsləhətlər verirlər.
İ.Vəlizadə vurğulayıb ki, hazırkı regional proseslərdə əsas məqsəd iştirakçıları bir nöqtəyə kökləməklə müxtəlif problemlərin, o cümlədən ekoloji problemlərin həllinə dəvət etmək olmalıdır, problemlərdən fikirləri yayındırmaq yox.