Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir



 12:08 25.07.2022     531

Bakıda Qoşulmama Hərəkatının (QH) Gənclər Sammiti başlayıb.

Demedia.az xəbər verir ki, sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi, habelə bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak edir.

Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib.

Daha sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edəcək. Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər. Sammit çərçivəsində Qala Etnoqrafik Muzeyinə ziyarət, həmçinin mədəniyyətlərarası mübadilə tədbiri də baş tutacaq.

Qeyd edək ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Azərbaycan 2023-ci ilin sonunadək Qoşulmama Hərəkatına sədrlik edəcək.