TƏCİLİ! Ukrayna qələbənin yol xəritəsini cızdı - Rusiyanı BÖYÜK XAOS gözləyir
Rusiya ilə Ukrayna ordularının ağır itkilər verdiyi bir vaxtda Kiyevdən gələn son açıqlama diqqət çəkib. Zelenskinin müşaviri Britaniya mətbuatına verdiyi eksklüziv müsahibəsində qələbə üçün yol xəritəsini cızıb...
Rusiyanın Krımı ilhaq etməsi müharibəni alovlandıran səbəblərdən biri olub. Krım və Donbassı əhatə edən münaqişə 8 il içində böyük müharibəyə çevrilib.
Qanlı toqquşmaların getdiyi bir vaxtda Krımdan gələn son xəbərlər Rusiyanı şoka salıb. Rusiya Krımdakı Saki aviabazasına hücum nəticəsində Kremlin elan etdiyindən qat-qat ağır itki verib.
Ukrayna bir həftə ərzində iki dəfə Rusiyanın Krımdakı hərbi obyektinə hücum edib. “Hücumlar Krım azad edilənə qədər davam edəcək”, - rəsmi Kiyev bildirib.
Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri son açıqlaması ilə Ukraynanın yeni yol xəritəsini cızıb.
Prezidentin müşaviri Mixaylo Podolyak Rusiyanın təchizat xətlərinin hədəf alınacağını bildirib və ötən həftə Krım aviabazasında baş verən partlayışa bənzər hücumlar olacağını proqnozlaşdırıb.
Podolyak bildirib ki, Ukrayna ordusu işğal edilmiş ərazinin dərinliklərinə qədər uzanan təchizat xətlərinə zərbə endirməklə Rusiya qüvvələri daxilində xaos yaratmaq üçün əks hücuma keçəcək.
Prezidentin müşavirinin sözlərinə görə, Krımda dəmiryol qovşağına və aviabazaya edilən hücumlar, həmçinin ötən həftə Saki hava limanında Rusiyanın döyüş təyyarələrinə edilən zərbələr kimi hücumlar ola bilər.
“Yaxın iki-üç ay ərzində belə insidentlər daha çox olacaq” - Podolyak deyib.
KRIMDA NƏ BAŞ VERİR?
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Canköy qəsəbəsi yaxınlığındakı hərbi anbar təxribat nəticəsində partlayıb. Hadisə zamanı mülki infrastruktura, elektrik stansiyasına, dəmir yollarına və mülki yaşayış evlərinə ziyan dəyib.
Bəyanatda təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyü qeyd edilib.
Hadisə nəticəsində 2 nəfərin yaralandığı da bildirilib.
Ukrayna bu hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib. Rus turistlər təşviş içində Krımdan qaçmağa başlayıblar və qatar stansiyasının qarşısında növbələr yaranıb.
“Rusiyanın işğal etdiyi Krımdakı anbar partlayışları işğalçılar üçün yüksək ölüm riski daşıyır” - Podolyak vurğulayıb.
“RUSLARA XAOS YAŞADACAĞIQ”
“Bizim strategiyamız logistika, təchizat xətləri, silah-sursat anbarları və digər hərbi infrastruktur obyektlərini məhv etməkdir. Bu, Rusiya qüvvələrinin daxilində böyük xaos yaradacaq” - Podolyak bildirib.
Ukraynanın üçüncü ən güclü fiquru kimi xarakterizə edilən müşavirin sözlərinə görə, Kiyev Moskvanın şərqi Donbass bölgəsində ərazi əldə etmək üçün ağır artilleriyadan istifadə etməsinə mane olub və bu, rus qoşunlarını Mariupol və Syeverodonetsk kimi şəhərləri dağıtmağa sövq edib. Yəni Rusiya yeni torpaqlar qazanmaq istədikcə işğal etməyə çalışdığı şəhərləri darmadağın edib.
“Hazırda Ukraynanın əks-hücum taktikaları çox fərqlidir. Biz ötən əsrin 60-70-ci illərinin taktikasını işlətmirik” - müşavir əlavə edib.
Podolyak Ukraynanın işğal altındakı yarımadanı Rusiyaya birləşdirən Krım körpüsünü qanuni hərbi hədəf hesab etdiyini bildirib: “Bu, qeyri-qanuni tikilidir və Krımda Rusiya ordusunu təchiz etmək üçün əsas qapıdır. Belə obyektlər məhv edilməlidir”.//Musavat.com