Putin buna görə səfərbərlik elan etdi: Qanlı mərhələ, yeni hücumlar... - Hiyləgər həmlə



 20:12 21.09.2022     340

"Putinin Rusiyada qismən səfərbərlik elan etməsi itkilər və canlı qüvvənin çatışmazlığı ilə bağlıdır. Həmçinin, Kremlin bu addımı iki məqsədə hesablanıb".

Demedia.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı belə deyib. O səbəbləri belə sıralayıb:

Birincisi, Ukraynada hərbi baxımdan cari hədəflərə nail olmaq;

- Donbası tamamilə zəbt edilməsini tezləşdirmək istəyirlər: Luqansk işğal edilib, Donetskin işğalı üçün müharibə davam edir;

- İşğal edilən ərazilərin Rusiyaya birləşdirilməsi: qondarma “referendum” 23-27 sentyabr tarixlərində keçiriləcək;

Bu iki hərbi hədəfə nail olmaq üçün Kreml səfərbərliyə əl atdı və bununla həm Donetskin işğalı üçün lazım olan canlı qüvvəni əldə etməyi, həm də Ukrayna torpaqlarının yeni ilhaqından sonra əməliyyatı “Rusiyanın ərazi bütövlüyü uğrunda müharibə”yə çevirməyi planlaşdırır.

İkincisi, müharibəni Kremlin “əməliyyatı”ndan Rusiya xalqının mübarizəsinə çevirməkdir: bununla “müharibə rus xalqının yox, Putinin istəyidir” təbliğatını arxa plana keçirmək, xalqın siyasi rəhbərliyi dəstəkləməsinə nail olmaq istəyirlər;

Rusiya cari hədəfə - Donbasın tamamilə ələ keçirilməsi və yeni ərazilərin ilhaqı – nail olduqdan sonra döyüşləri “mövqe müharibəsi”nə çevirə və Qərblə danışıqlar masasına da əyləşmək istəyə bilər. Bunu müharibənin gedişatı müəyyən edəcək. Lakin indi bir gerçək aydındır: Müharibə daha qanlı mərhələyə keçir.